BAKI, 26 iyul. TELEQRAF
Tailand ordusunun sərhədyanı Pousat əyalətinə hücumu nəticəsində azı 13 kambocalı ölüb, 70-dən çox şəxs yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti Kamboca Milli Müdafiə Nazirliyinin məlumatına istinadən məlumat yayıb.
Pnompendə keçirilən mətbuat konfransında çıxış edən Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib ki, iyulun 26-da Tailand Silahlı Qüvvələrinin Pousat əyalətinə hücumu nəticəsində 13 kambocalı, o cümlədən Kamboca Kral Silahlı Qüvvələrinin 5 hərbçisi və 8 mülki şəxs öldürülüb. O, həmçinin qeyd edib ki, Tailand tərəfindən güclü artilleriya atəşi ilə müşayiət olunan hücum zamanı Kamboca ordusunun 21 əsgəri və ən azı 50 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Mali Soçxeatın sözlərinə görə, Kamboca və Tailand arasındakı sərhəddə 3 gündür davam edən döyüş əməliyyatlarının eskalasiyasına cavab olaraq, Kamboca hakimiyyəti Preahvihear, Oddar-Miençey və Pousat əyalətlərində yüksək riskli ərazilərdən 35 829 mülki şəxsi təxliyə edib.