AZ

Qazaxda YAP rayon təşkilatının yaradılması günü qeyd edilib  

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin YAP Qazax rayon təşkilatının inzibati binasındakı büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildirmiş, dünyasını dəyişən partiya üzvlərinin, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid vətən oğullarının xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq YAP  rayon təşkilatının yaranmasının 32-ci ildönümü münasibətilə  ürək sözlərini söyləmiş,  partiyanın Azərbaycan dövlətinin inkişafına böyük töhfələr verdiyini, ötən müddət ərzində ölkəmizdə misli görünməyən uğurlar, nailiyyətlər qazanıldığını bildirmişdir. Qeyd etmişdir ki, müstəqil Azərbaycanın dünəni və bu günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın inkişafında, iqtisadi, sosial, ictimai, siyasi, eləcə də bütün sahələrdə əldə edilən uğurlarda Yeni Azərbaycan Partiyasının xidmətləri olduğunu qeyd edən natiq bildirmişdir ki,  bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində Heydər Əliyevin siyasəti dayanır. Vurğulamışdır ki, hazırda Yeni Azərbaycn Partiyasının Sədri, Prezident İlham Əliyev bu inkişafı əsl lider kimi davam etdirir.

Tədbirdə YAP rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirmişdir ki, Ulu Öndərin səsinə ilk səs verən rayonlardan biri də Qazax olmuşdur. Qazax rayon təşkilatının ötən 32 il ərzində çətin, keşməkeşli sınaqlardan keçdiyini, sıralarını gündən-günə genişləndirdiyini bildirən təşkilat sədri onu da qeyd etmişdir ki, bu gün rayon təşkilatının 80 ərazi partiya təşkilatında 10714 nəfər üzv var. Həmin üzvlərdən 6916 nəfərini qadınlar, 2491 nəfərini gənclər təşkil edir. Cari ildə 2 yeni ərazi partiya təşkilatı yaradılmış, son 6 ayda 92 nəfər partiya sıralarına qəbul olunmuşdur.

Sonra YAP Qazax Rayon Təşkilatının təsisçisi, ilk partiya sədri, partiya veteranı Abbas Göyüşov çıxış edərək 32 illik tarixi yol keçən rayon təşkilatının yaranmasından bu günə kimi  gördüyü işlərdən söz açmış,  Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük qələbələrə, nailiyyətlərə, uğurlara imza atdığını bildirmişdir. Partiya veteranlarından Nəsibə Tağıyeva, YAP üzvlüyünə yeni qəbul edilmiş Esmira Qəribova tarixi zərurətdən yaranan və əsası Ümummilli Lider tərəfindən qoyulan bir partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildirmişlər. Sonra partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı YAP-a həsr etdikləri şeirlərini səsləndirmişlər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə  üzvlük vəsiqələri təqdim olunmuşdur.

"Azərbaycan"

 

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr