Tailand Silahlı Qüvvələri Kambocanın münaqişə zonasından kənarda yerləşən ərazilərinə qarşı hücumlarını genişləndirib.
Axar.az xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, iyulun 24-dən etibarən Tailand ordusu yalnız hərbi obyektləri deyil, eyni zamanda məktəblər, yanacaqdoldurma və yaşayış məntəqələri daxil olmaqla mülki infrastrukturu da hədəfə alır.
Bildirilib ki, hücumlar zamanı ağır hərbi texnika, F-16 qırıcıları və kaset bombalarından istifadə olunub.
Tailandın həmçinin Kamboca ilə sərhəddə yerləşən Trat və Cantxaburi əyalətlərində hərbi vəziyyət elan etdiyi, eyni zamanda Bontay-Miençey vilayəti ilə sərhəd boyunca əlavə qüvvələr yerləşdirdiyi vurğulanıb.
Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi bu addımları ölkənin ərazi bütövlüyünə açıq müdaxilə kimi dəyərləndirib.
Qeyd edək ki, daha əvvəl hər iki ölkə arasında atəşkəslə razılaşmasının əldə olunması barədə məlumat yayılmışdı.