AZ

Orxan Əliyev Qırğızıstan klubunda qolla debüt etdi

Azərbaycanlı hücumçu Orxan Əliyev yenicə müqavilə bağladığı Qırğızıstanın “Ozgen” (Özkənd) klubunda ilk rəsmi oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün 14-cü tur çərçivəsində “Asiqoal” (Bişkək) kollektivi ilə üz-üzə gəlib.

“Ozgen” səfərdə keçirilmiş bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Orxan da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxmış azərbaycanlı hücumçu debütünü qolla qeyd edib. O, 24-cü dəqiqədə rəqib qapısına yol tapmaqla matçda hesabı açıb.

Bu qələbədən sonra “Ozgen” 19 xalla 14 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, bu yay “Turan Tovuz”dan azad agent kimi ayrılmış Orxan Əliyev “Ozgen” ilə 6 aylıq müqavilə bağlayıb.

Əliyev bu ilin yanvar ayından “Turan Tovuz”un formasını geyinirdi. Tovuz klubu onu ilin əvvəlində “Kəpəz”dən 50 min avro müqabilində heyətinə cəlb etmişdi. 29 yaşlı forvard “Turan Tovuz”un heyətində cəmi 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.

Orxan əvvəllər “Sumqayıt”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Xəzər Lənkəran”, “Zirə”, “Sioni” (Bolnisi), “Qaradağ Lökbatan” və “Qəbələ” kimi klublarda da çıxış edib. Azərbaycanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış hücumçu əsas millimizdə debüt şansı qazanmayıb.

Seçilən
51
arena.az

1Mənbələr