İngiltərənin "Mançester Yunayted" klubu PSJ-nin qapıçısı Canluici Donnarummanı əsas qapıçı Andrey Onananın mümkün əvəzləyicisi kimi transfer siyahısına daxil edib.
90deqiqe.Az-ın "Caught Offside" nəşrinə istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper artıq bir ildən çoxdur ki, Fransa təmsilçisi ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır. Hazırda italiyalı qolkiperin illik maaşı 7 milyon avro təşkil edir, əlavə olaraq 3 milyon avro bonus qazanır. Lakin PSJ-nin yeni müqavilə üçün təklif etdiyi şərtlər oyunçunu qane etmir.
Geridə qalan mövsümdə Donnarumma bütün turnirlərdə 47 oyuna çıxıb və onların 17-də qapısını toxunulmaz saxlayıb. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.