AZ

“Volfsburq” Lindströmü “Napoli”dən icarəyə götürdü

“Volfsburq” danimarkalı hücumameyilli yarımmüdafiəçi Yesper Lindströmü “Napoli”dən icarə müqaviləsi əsasında öz düşərgəsinə qatıb.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilə 2025/2026-cı illər mövsümünün sonuna qədər qüvvədə olacaq. 1 illik icarə “Volfsburq”a 1,5 milyon avroya başa gələcək. Eyni zamanda, müqavilədə danimarkalı futbolçunun icarə müddətinin sonunda tamhüquqlu əsasda Almaniya klubuna qoşula biləcəyi haqda müvafiq maddə əksini tapıb.

Yesper Lindström “Bröndbü”nün yetirməsidir. Danimarkalı yarımmüdafiəçisi karyerası ərzində Frankfurt “Ayntraxt”ı və “Napoli”də oynayıb.

Lindström geridə qalmış 2024/2025-ci illər mövsümündə İngiltərənin “Everton” klubuna icarədə olub. O, Premyer Liqa təmsilçisinin heyətində 29 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, 2023-cü ildə qoşulduğu “Napoli”nin heyətində də məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 29 oyun keçirib.

Yesper Lindström 2020-ci ilin noyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 18 oyun keçirib, 1 qol vurub.

Yesper Lindströmün qənimətlər muzeyində “Bröndbü” ilə qazandığı Danimarka çempionluğu (2021/2022) və “Ayntraxt”la qazandığı Avropa Liqası (2021/2022) var.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
49
arena.az

1Mənbələr