Ermənistanda hökumətlə Erməni Apostol Kilsəsi arasında münaqişə davam edir və yeni çalarlar alır. Baş nazir Nikol Paşinyan etdiyi paylaşımda kilsənin tarixində və strukturunda görünməmiş islahatlar vəd edir. Hökumət başçısı katolikos II Qareginin kilsəyə rəhbərliyinə son qoymaqla kifayətlənmək niyyətində deyil.
Bir müddətdir ki, o, köklü institutda islahatlardan danışır və II Qareginin yerinə başqa bir ruhani şəxsin seçiləcəyindən bəhs edir. Ancaq son paylaşımında Paşinyan katolikosun tutduğu mövqedən uzaqlaşdırılmasından sonra erməni kilsəsinin müvəqqəti olaraq rəhbərsiz idarəçilik formasını da təqdim edir. Baş nazirə görə, bu “keçid müddəti” Erməni Apostol Kilsəsinin “erməni kanonik kitabı”nın tələblərinə cavab verməsinədək davam edəcək.
Parlament seçkiləri üçün “katolikos seçimləri”
Paşinyanın kilsəyə qarşı “səlib yürüşü”nün gələn il keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf etməsi aydın göstərir ki, hakim qüvvə yaxın bir il ərzində ruhanilərin həyatını ən azı iflic etmək niyyətindədir. Paşinyan üçün bu, həyati əhəmiyyət daşıyan plandır. Çünki erməni tarixində hər zaman əlahiddə rol oynamış kilsə hazırkı Ermənistanda ən böyük və ciddi müxalifətdir. Bu qarşıdurmada ən kritik məqam isə ondan ibarətdir ki, erməni kilsəsi Rusiyanın hakim dairələri ilə sıx bağlıdır. Kilsə Moskva ilə İrəvan arasındakı “mərkəz-forpost” münasibətlərinin əsas aktorlarından biridir.

Paşinyan üçün kilsənin təzyiqlərini neytrallaşdırılması ən vacib hədəfidir. Son bir il ərzində kilsə nəinki hökumətin siyasətinə narazılığını bildirir, hətta açıq siyasi mübarizəyə belə müdaxilə edir. Erməni keşiş Baqrat Srbazanın faktiki olaraq müxalifət hərəkatının başına keçməsi erməni kilsəsinin icazəsi olmadan mümkün deyildi. Onun hətta parlamentdə təmsil olunmuş revanşist müxalifət liderləri - Robert Köçəryanla Serj Sarqsyan tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilməsi Eçmiədzinin siyasi proseslərə qoşulması və sabiq prezidentləri açıq müdafiə etməsi anlamına gəlir. Bu baxımdan, kilsə təhlükəsinin ən azı seçki kampaniyası müddətində neytrallaşdırılması hökumətin qarşısında duran əsas vəzifələrdən biridir.
Erməni xalqının IV Filipi
Paşinyanın kilsə ilə bağlı planı kifayət qədər vaxt, prinsipiallıq və cəsarət tələb edir. Bu, həm də erməni tarixinin tamamilə alt-üst edilməsi deməkdir. Tarixdə dünyəvi hakimiyyətin kilsənin fəaliyyətini məhdudlaşdırmasına dair faktlar az deyil. Məsələn, Fransada IV Filip Gözəl Vatikana müdaxilə etməyə və istədiyi şəxsi Roma Papası seçməyə nail olmuşdu. Paşinyanın Ermənistan tarixində IV Filip qədər inadkar ola bilib-bilməyəcəyini yaxın bir il göstərəcək.
Kilsə islahatı uzun illərə başa gələcək bir avantüra da ola bilər. Bu, Paşinyanın xaricdən, əsasən də Rusiyadan gələn təzyiq dalğalarını neytrallaşdırmağa müvəffəq olması deməkdir.