BAKI, 26 iyul. TELEQRAF
"Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə ilə İsrail, həmçinin Suriya və İsrail danışıqlar aparıb".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Rusiya - Ukrayna danışıqlarına mümkün ev sahibliyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Rusiya və ABŞ arasında raketdən müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, NATO-Rusiya danışıqları kimi görüşlərə Bakı əvvəllər də ev sahibliyi edib Bu yaxınlarda Bakıda bir çox diplomatik fəaliyyətlər həyata keçirilib. Hər kəs xoşdur, amma biz heç kimi məcbur edə bilmərik. Onlar istəməlidirlər. Rusiya ənənəvi olaraq regionda nüfuz sahibi olub. Lakin Ukrayna müharibəsi səbəbindən Kremlin geosiyasi zəifliyi göz qabağındadır. Bundan başqa, Azərbaycan-Rusiya münasibətləri hazırda son dərəcə gərgindir".
H.Hacıyev Rusiya ilə bağlı son zamanlar gərginliklə bağlı sualı da cavablandırıb:
"İkitərəfli münasibətlərdə anlaşılmazlıq və gərginlik artıb. Qonşu ölkələr arasında belə hadisələr baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətinə dərindən təsir edən təyyarə qəzası ilə başladı. Bu, Rusiya ərazisində, Rusiya hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik – bu, artıq sirr deyil. Qonşu və tərəfdaş kimi Azərbaycan Rusiyanın bu işdə məsuliyyəti öz üzərinə götürməsini və ədaləti təmin etməsini gözləyir".