"Mən öz mövqeyimdə qalıram ki, Ermənistanla Rusiya arasındakı gərginlik indiki vəziyyətdə o qədər də real deyil. Çünki Paşinyan indiki şəraitdə Rusiya siyasətini həyata keçirən bir siyasi fiqurdur..."
Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan mediasında yayılan Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına çox sayda silah və texnika daşınması barədəki məlumatlara münasibət bildirib.
-Ermənistan mediasında Rusiyanın Ermənistandakı 102-ci bazasına hərbi texnika və silah-sursat daşıması ilə bağlı məlumatlar yayılıb. Onları necə təhlil edərdiniz?
-Birincisi, bu barədə yayılan məlumatlar var, amma mən deyərdim ki, onları yayan mənbələr o qədər də etibarlı deyil. Nəyə görə? Çünki biz bilirik ki, bəzən belə informasiyalar öz maraqlarını təmin etmək məqsədillə müharibə aparan Rusiya və ya Ukrayna tərəfindən yayılır. Bu cür informasiyalar hər iki tərəfin öz maraqlarını qorumaq üçün apardığı təbliğatın bir hissəsidir. Buna görə də mən Rusiyanın Ermənistandakı hərbi bazasına silah-sursat daşınmasıyla bağlı yayılan məlumata ehtiyatla yanaşıram...
İkincisi, 102-ci bazaya gətirilən silah-sursat barədə danışarkən, bu daşınmanın hansı yollarla həyata keçirildiyini də nəzərə almaq vacibdir. Hazırda Rusiya üçün açıq bir yol var ki, İran üzərindən keçir. Lakin o yol da uzaq və xərc tələb edən bir marşrutdur. Əgər Azərbaycan və Gürcüstan üzərindən yük avtomobilləri, qatar və ya təyyarələrlə silah və texnika daşınırsa, bu halda həmin dövlətlərdən rəsmi şəkildə icazə alınmalı və məlumat verilməlidir. Azərbaycanda əvvəllər Rusiya tərəfinə bəzi hərbi texnikaların keçirilməsi ilə bağlı icazə verilib. Bu cür məlumatlar zaman-zaman gündəmə gəlir, amma onların doğruluğunu təsdiqləmək çox çətindir...
Üçüncüsü, biz başa düşməliyik ki, Rusiyanın Ermənistandakı hərbi bazasında artıq silah və texnika mövcuddur və bu, fakt olaraq qəbul edilməlidir. Bu silahlar müxtəlif beynəlxalq sazışlara əsasən müəyyən məhdudiyyətlərlə saxlanılır. Amma oradakı silahların sayı və çeşidi barədə dəqiq məlumatlar çox məhduddur. 1992-ci ildə qəbul edilən Avropada adi silahların məhdudlaşdırılması müqaviləsinə əsasən, NATO və keçmiş Varsava Müqaviləsi ölkələri arasında silah məhdudiyyətləri mövcud idi. Həmin razılaşmaların icrasını təmin etmək üçün müxtəlif nəzarət mexanizmləri tətbiq olunmuşdu və bu dövrdə beynəlxalq missiyalar tərəfindən həm Azərbaycanda, həm də Ermənistanda silahların mövcudluğu yoxlanılırdı...
Bunları niyə gündəmə gətirirəm? Çünki Ermənistanda Rusiyanın Cənub cinahına dair 80-120 arasında ağır silahlar mövcuddur. Yəni 102-ci bazada artıq yetərincəd silah və texnika var. Lakin Ukraynanın işğalı başlayandan sonra bu silahların hansı hissəsinin çıxarıldığı, hansılarının yerində qaldığı sual altındadır....
Rusiya tərəfindən Ermənistana təzyiq məsələsinə gəldikdə, hesab edirəm ki, bu, hərbi qüvvə, silah və texnika vasitəsilə həyata keçirilməyəcək. Rusiya, daha çox ‘yumşaq güc’ və ya ‘beşinci kalon’ vasitəsilə ölkə daxilindəki ictimai-siyasi durumu gərginləşdirə bilər. Bu proseslər artıq başlamışdır və ehtimal olunur ki, davam edəcək. Lakin mən öz mövqeyimdə qalıram ki, Ermənistanla Rusiya arasındakı gərginlik indiki vəziyyətdə o qədər də real deyil. Çünki Paşinyan indiki şəraitdə Rusiya siyasətini həyata keçirən bir siyasi fiqurdur. Onun Moskvaya bağlılığını apardığı siyasi addımlar təsdiqləyir. Paşinyanın 9 May paradında iştirakı və son Rusiya səfəri buna misal ola bilər. Bu hadisələr göstərir ki, Paşinyan, indiki mürəkkəb beynəlxalq geo-siyasi vəziyyətdə, Rusiyanın maraqlarını təmin edən əsas oyunçulardan biridir."
"Axı Ermənistan baş naziri Qərbə, Avropa və ABŞ-a da sərf edən bir sıra addımlar atır” fikrinə isə sabiq baş diplomat belə münasibət bildirib:
"Düzdür, Paşinyan bəzi hallarda Qərbə sərf edən çıxışlar edir və müəyyən addımlar atır. Ancaq nəticəyə baxmaq lazımdır. Məsələn, o, Amerika şirkətinin Zəngəzur yolunu nəzarətə götürməsinə etiraz edir. İran Zəngəzur ərazisində Qafanda baş konsulluğunu açır və Rusiyaya da həmin şəhərdə baş konsulluğunu açmaq üçün razılıq verir. Lakin Amerika şirkətlərinin həmin ərazidə fəaliyyət göstərməsini istəmir. Belə bir siyasət Qərbyönlü sayıla bilərmi? Bir sözlə, biz Ermənistanda Paşinyan tərəfindən Rusiyaya qarşı görüntü yaratmaq üçün atılan addımları müşahidə edirik. Lakin bu addımların nəticələrini dərindən təhlil etdikdə, görərik ki, indiki vəziyyətdə Kreml üçün ən uyğun və maraqlarına xidmət edən addımlar məhz onlardır."
Sultan Laçın