"Real Madrid"in prezidenti Florentino Peres vinger Vinisiusun satılacağı təqdirdə "Mançester Siti"nin hücumçusu Erlinq Holandı transfer etmək istəyir.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Cadena Ser" saytı paylaşıb.
Mənbənin sözlərinə görə, Madrid klubunun rəhbəri Holand və hücumçu Kilian Mbappenin eyni vaxtda komandasında oynamasını arzulayır. Qeyd olunur ki, Peres Vinisiusun potensial satışından əldə etdiyi pulla norveçli futbolçunu transfer edə bilər.
Daha əvvəl mətbuatda braziliyalı ilə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı xəbəri yayılmışdı.
2024/25 mövsümündə Holand bütün yarışlarda 48 oyun keçirib, 34 qol vurub və 5 məhsuldar ötürmə edib. 25 yaşlı norveçli futbolçunun "Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunun dəyərini 180 milyon avro qiymətləndirir.
Vinisius ötən mövsüm 58 oyun keçirib, 22 qol vurub və 19 məhsuldar ötürmə edib. 25 yaşlı braziliyalının "Real"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, futbolçunun dəyəri 170 milyon avrodur.