BAKI. 26 iyul. TELEQRAF
"Bu turnir iki gün üçün nəzərdə tutulub. İki gün ərzində yalnız yarışlar deyil, eyni zamanda seminarlar da təşkil olunub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru və baş katibin müavini Kamran Talıbov Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri beynəlxalq turniri barədə danışarkən deyib.
Talıbovun sözlərinə görə, həm U-13, həm də U-15 yaş kateqoriyalarına aid uşaqlar üçün təşkil olunan turnirin əsas məqsədlərindən biri məhz bu seminarlar vasitəsilə onların inkişafına töhfə verməkdir: "Seminarlarda Yaponiya və digər xarici ölkələrdən dəvət olunmuş ekspertlərlə yanaşı, yerli mütəxəssislər də iştirak edirlər. Bu mütəxəssislər uşaqlara həm fiziki, həm də taktiki cəhətdən müəyyən bilik və bacarıqları öyrədirlər".
ACF rəsmisi vurğulayıb ki, bu tip tədbir onlar üçün ilk deyil: "Bu turnirin əvvəlki seriyaları müxtəlif ölkələrdə keçirilib və həmin tədbirlərdə bizim klublar da iştirak ediblər. Həm Yaponiya və Serbiyadan olan, həm də yerli mütəxəssislər seminarların təşkili üçün buradadırlar. Digər tərəfdən, yarışların idarə olunması məqsədilə Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyinin nümayəndələri dəvət olunublar. Onlar yerli əməkdaşlarımızla birlikdə bu prosesə rəhbərlik edirlər".