“Azərbaycan hər iki tərəfin maraq göstərəcəyi təqdirdə Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Almaniyanın “Beliner Zeitung“ nəşrinə müsahibəsində bildirib ki, tərəflər maraq göstərərsə, Bakıda Rusiya-Ukrayna danışıqlarının aparılması üçün bütün lazımi şərait yaradıla bilər.
Hikmət Hacıyevin sözlərinə görə, Bakı regionun diplomatik mərkəzi kimi özünü təsdiqləyib və əsas beynəlxalq danışıqlara ev sahibliyi edib:
"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna) Bakıda görüşmək istəsələr, biz onları görməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır".
O, Bakıda bir çox diplomatik danışıqların aparıldığını da xatırladıb.
Onun sözlərinə görə, Bakıda Türkiyə-İsrail, Suriya-İsrail arasında danışıqlar, Rusiya və ABŞ arasında raketdən müdafiə sistemləri ilə bağlı strateji danışıqlar aparılıb.
Hikmət Hacıyev onu da vurğulayıb ki, son vaxtlar Bakıda çoxlu sakit diplomatik tədbirlər olub:
“Biz hamını alqışlayırıq, amma heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə gəlməlidirlər".
"Cebheinfo.az"