AZ

Vadim Abdullayev “Karvan”da

Bu yay “Araz-Naxçıvan”dan ayrılmış yarımmüdafiəçi Vadim Abdullayev bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan” Abdullayevi azad agent kimi heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Vadim Abdullayev son olaraq “Araz Naxçıvan” klubunun formasını geyinib. Yarımmüdafiəçi 2022-ci ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edirdi. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 71 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər “Sabah”, “Simurq”, “Bakı”, “Qəbələ” və “Şüvəlan” kimi klublarda da forma geyinib.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni və Elvin Yunuszadəni də heyətinə qatmışdı. Kamran İbrahimovla yeni müqavilə imzalanıb. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynov isə komandanı tərk ediblər.

Seçilən
24
arena.az

1Mənbələr