Türkiyədən də görünəcəyi gözlənilən tam Günəş tutulması 2027-ci ilin avqust ayında baş verəcək.
Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə 2025-ci ilin 2 avqust tarixində dünyanın 6 dəqiqəlik tam qaranlığa qərq olacağı və bu hadisənin 100 ildən bir baş verdiyi iddiaları yayılıb.
Lakin mütəxəssislər bu məlumatın gerçək olmadığını bildirirlər. Bütün dünyanın eyni anda qaranlığa bürünməsi mümkün deyil. Nə bu il, nə də yaxın gələcəkdə belə bir "qlobal qaralma" gözlənilmir.
Ancaq bu yanlış məlumatın arxasında həqiqətən də heyranedici bir astronomik hadisə dayanır: 2 avqust 2027-ci ildə baş verəcək “əsrin Günəş tutulması.”
2027-ci ilin 2 avqustunda, Ay Günəşi tamamilə örtəcək və 6 dəqiqə 22 saniyə davam edəcək tam Günəş tutulması baş verəcək. Bu, 21-ci əsrdə quruda müşahidə ediləcək ən uzun müddətli Günəş tutulması olacaq.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 8 aprelində Meksika, ABŞ və Kanadada görünən tam Günəş tutulması maksimum 4 dəqiqə 28 saniyə davam etmişdi — bu da normaldan uzun sayılırdı.
2027-ci il tutulması isə 1991-ci ildən bu yana baş verən ən uzun tam tutulma olacaq. Bu qədər uzun tutulma növbəti dəfə yalnız 2114-cü ildə baş verəcək. Yəni buna bənzər bir hadisə üçün təxminən 87 il gözləmək lazım gələcək.
2 avqust 2027-ci ildə Ay Yerə ən yaxın mövqedə olacaq. Bu səbəbdən fərqli olaraq çox geniş bir totalitet (tam tutulma) zolağı meydana gələcək.
Bu zolaq:
Təxminən 258 kilometr genişlikdə olacaq,
15.227 kilometr məsafə qət edəcək,
2,5 milyon kvadrat kilometr ərazini əhatə edəcək.
Ancaq bu, Yer səthinin yalnız kiçik bir hissəsinə düşəcək.
Tam tutulma bu ölkələr üzərindən keçəcək:
İspaniya, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali.
Türkiyə də bu zolağa yaxın olduğuna görə, ölkədən tam və ya hissəvi tutulmanı müşahidə etmək mümkün olacaq.
Bundan əlavə, Avropanın, Afrikanın və Cənubi Asiyanın böyük hissəsində də parçalı Günəş tutulması müşahidə olunacaq. Şimali Amerika kimi bəzi bölgələrdə isə heç bir tutulma görünməyəcək.
2025-ci ilin avqust ayında heç bir Günəş tutulması baş verməyəcək.
Ən yaxın tutulma 21 sentyabr 2025-ci ildə olacaq və yalnız Sakit Okean üzərindəki bəzi bölgələrdə (Fici, Tahiti, Yeni Zelandiya və Antarktida) parçalı olaraq görünəcək. Bu da qlobal bir hadisə deyil.
Nəticə olaraq bu avqustda dünya qaranlığa qərq olmayacaq.
Lakin tarixdəki ən uzun Günəş tutulmalarından birini izləmək istəyənlər 2 avqust 2027-ci ili şimdiden qeyd edə bilərlər.