AZ

Budaq Budaqov: Azərbaycan xalqının elm cəngavəri !

Doğma Azərbaycanımızın hər bir bölgəsi kimi Qərbi Azərbaycanın da sadəcə ölkəmizə deyil, bəşər tarixinə böyük dahilər bəxş etdiyi heç kimə sirr deyil. Belə dahilərdən biri də Azərbaycan xalqının böyük oğlu, görkəmli coğrafiyaşünas, məşhur tarixçi, böyük türkoğloq Budaq Budaqovdur. 
 
1928-ci il fevralın 23-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Çobankərə kəndində anadan olan Budaq Budaqov Azərbaycan Pedaqoji İnstitutunda oxuyub, 1955-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə elmlər doktoru elmi dərəcəsi,1969-cu ildə isə professor elmi adını alıb. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilən Budaq Budaqov, bütün həyatını elmə sərf edib, sadəcə coğrafiya deyil, digər elm sahələri ilə bağlı böyük uğurlara imza atmışdır.
 
Elmi problemlərin özünəməxsus həlli yolları ilə dünyanı hetrətləndirən alim
 
Budaq Budaqov coğrafiyaşünas alim kimi ən mühüm özəlliklərindən biri onun istənilən hadisə və problemə yaradıcı şəkildə yanaşması, hər bir məsələ ilə bağlı özünəməxsus mövqe sərgiləməsi idi. Məhz bu keyfiyyəti sayəsində o, coğrafiya elminin ölkəmizdə inkişafına böyük töhfə vermiş, öz adını dünyanın ən böyük alimləri sırasına yazdıra bilmişdi. Azərbaycanın müasir coğrafiyasının geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biri sayılan Budaq Budaqov, Azərbaycan ərazisinin geomorfologiyasının, land-şaftının, yeni tektonik hərəkətlərinin, toponimikasının, ekologiyasının, dağıdıcı təbii proseslə-rin tədqiqinə, ətraf mühitin qorunmasına, irimiqyaslı geomorfoloji xəritələrin tərtibinə, məktəb coğrafiyasının inkişafına xüsusi diqqət yetirib, bu istiqamətdə çoxsaylı elmi məqalələr yazıb. 
 
Budaq Budaqovun elmi yaradıcılığı hələ o zaman SSRİ-nin ən böyük elm müəssisələri, təhsil institutları tərəfindən də maraqla izlənilir, sovet alimləri tez-tez öz əsərlərində, mülahizə və mühazirələrində azərbaycanlı alimin zəngin elmi yaradıcılına üz tuturdu. Təsadüfi deyil ki, Budaq Budaqovun “Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” adlı əsəri SSRİ Coğrafiya Cəmiyyətinin N.M.Prjevalski adına Qızıl medalına layiq görülüb. Budaq Budaqov sonakı illərdə də Azərbaycan və beynəlxalq qurumlar tərəfindən çoxsaylı mükafatlar və fəxri adlarla təltif edilib. Azərbaycan Respublikasının “Şöhrət” ordeni, akademik Y.Məmmədəliyev, akademik H.Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlar, habelə, Ümumdünya Sülh Federasiyasının “Planetdə Sülh Naminə”, Dinlərarası və Millətlərarası Federasiya tərəfindən “Dünya Səfiri” adı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri  adı onun aldığı mükafatların sadəcə bir hissəsidir.
 
Dünya nəhəngləri ilə eyni  masa və tribunaları bölüşən azərbaycanlı elm cəngavəri...
 
Budaq Budaqovun nəhəng elmi dühası həm keçmiş SSRİ, həm də müstəqil Azərbaycan Respublikasına coğrafiya ilə bağlı beynəlxalq elmi konfranslarda uğurla təmsil olunmağa imkan verir, Azərbaycanın adının beynəlxalq elmi simpoziumlarda aparıcı dövlətlərdən biri kimi yer almasını təmin edirdi. Budaq Budaqov sözün həqiqi mənasında əsl elm cəngavəri idi və məhz bu səbəbdən o, bütün beynəlxalq elmi konfranslarda Azərbaycanı layiqincə təmsil edə bilirdi. Nümunə üçün qeyd edək ki, o, SSRİ-Hindistan, SSRİ-Bolqarıstan, SSRİ-Fransa elmi simpoziumlarının təşkilatçılarından biri və Azərbaycan üzrə elmi rəhbəri olub. 
 
Budaq Budaqovun beynəlxalq elmi tədbirlərdə səsləndirdiyi məruzələr hər zaman dünya alimləri tərəfindən maraqla qarşılanıb, bu məruzələr müasir elmi axtarışların əsas istiqamətlərindən biri kimi qəbul edilib.
 
Türk xalqları tarixinin nəhəng tədqiqatçısı...
 
Budaq Budaqov böyük coğrafiyaşünas olmaqla yanaşı, həm də böyük tarixçi, tükoloq idi. Onun tarixçi alim kimi ən böyük üstünlüklərindən biri türk xalqları tarixinə kompleks şəkildə yanaşması, onların fərdi xüsusiyyəti ilə yanaşı, həm də ümumi xüsusiyyətlərini, birgə tarixi yolunu böyük həvəs və sevgi ilə tədqiq etməsi idi. 
 
Tədqiqatlarında türk mənşəli toponimlərin araşdırılmasına ayrıca diqqət yetirən Budaq Budaqov, bu tədqiatlar sayəsində dünyanın bir çox bölgəsinin türklərin tarixi vətəni olduğunu isbatlamış, vaxtiylə türk xalqlaırnın daha geniş coğrafiyada yaşadığını sübut etmişdir. Onun “Türk uluslarının yer yaddaşı”,  “Gürcüstanda olan türk toponimlərinin izahlı lüğəti”, “Avrasiyanın türk toponimləri” və  s. kimi kitabları bu baxımdan son dərəcə mühüm əhəmiyyətə malikdir.
 
Budaq Budaqov “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” ilə müasir Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu konkret faktlarla isbatlamış, bununla bağlı inkaredilməz sübutlar ortaya qoymuşdur. Hansı ki, böyük alimin bu əsərinin müasir dövrümüzdə yenidən nəşrinə, həmin əsərin xarici dillərə tərcümə edilərək dünyanın digər ölkələrində çap edilməsinə ciddi ehtiyac var. Bu, Ermənistan dövlətinin süni şəkildə yaradıldığı, xalqımızın Qərbi Azərbaycana qayıtmağa hüquqi əsaslarla yanaşı, həm də mənəvi əsasının olduğunu isbatlamaq baxımından da faydalı olar.
 
Budaq Budaqov peşəkar elmi kadrların hazırlanmasını niyə zəruri hesab edirdi?
 
Böyük aliminin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də pedaqoji fəaliyyət və yeni elmi kadrların hazırlanması ilə bağlı olub. Budaq Budaqov haqlı olaraq hesab edirdi ki, sadəcə Azərbaycan təhsili və elminin deyil, eyni zamanda Azərbaycan dövlətinin, Azərbaycan xalqının rifahı gələcək elmi kadrlardan, onların hazırlıq səviyyəsindən asılıdır. Məhz buna görə də o, pedaqoji fəaliyyəti boyu gənclərdə elmə böyük maraq yaradır, elmi biliklərlə silahlanmağın əhəmiyyəti, bu bilikləri praktikada tətbiq etməyin yollarını gənclərə böyük həvəslə başa salırdı. Nümunə üçün qeyd edək ki, Budaq Budaqovun rəhbərliyi ilə təkcə  coğrafiya üzrə 50-yə qədər elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb ki, bu da onun pedaqoq kimi yüksək məhsuldarlığından xəbər verir.
 
1955-ci ildə AEA Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan Budaq Budaqov  baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru vəzifəsində işləyib və bütün bu müddət ərzində elmi kadrların hazırlanmasına böyük töhfələr verib.
 
“Sizi də, dostlarınızı da, düşmənlərinizi də tanıyıram!”
 
Budaq Budaqovun pedaqoq kimi ən böyük üstünlüklərindən biri tələbələrlə səmimi münasibət qurması, onlarla ünsiyyət zamanı təqdim etdiyi elmi məlumatlar konteksində öz şəxsi təcrübəsini də gənclərlə bölüşməsi idi.   
 
Görkəmli alim tələbələrdə vətənpərvərlik tərbiyəsinin təbliğinə vacib hesab edir, onların milli tarixə şüura, qan yaddaşına bağlı olmasını zəruri sayırdı. Budaq Budaqov hesab edirdi ki,yalnız zəngin biliyə deyil, həm də vətən sevgisinə malik olan gənclər Azərbaycanın maraqlarını layiqincə müdafiə edə, onun gələcək inkişafını təmin edə bilər. Buna görə də o, gənclərlə söhbətində onları öz milli kimliklərini, milli tarixlərini öyrənməyə sövq edir, Azərbaycan xalqının tarixi düşmənlərini, onların xalqımızla bugünkü münasibətini müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırırdı. 
 
Mənim üçün qürurvericidir ki, böyük alim Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix” fakültəsində təhsil aldığım zaman “Türk xalqlarının tarixi” fənnindən mənə də dərs demiş, sadəcə öz biliyini deyil, həm də həyat təcrübəsi ilə bağlı bəzi məqamları bizlərlə bölüşmüşdür. Elə ilk dərs günündən üzünü auditoriyaya tutaraq “sizi də, dostlarınızı da, düşmənlərinizi də tanıyıram” deyən böyük alim, gənclərin də özlərini, dost və düşmənlərini yaxşı tanımasının vacibliyini dilə gətirmişdir. Budaq Budaq bildirirdi ki, bunun üçün gənclər öz tarixlərinə dərindən bələd olmalı, keçmiş tarixi-siyasi proseslərin bugünkü proseslərə necə, hansı aspektlərdən təsir göstərdiyini müstəqil şəkildə təhlil etməyi bacarmalıdır. 
 
Türk xalqların gələcək təriqqisinin onların birlik və həmrəyliyindən keçdiyini söyləyən Budaq Budaqov, bütün türk soylarını “türk” adlı vahid ağacın budaqları olduğunu vurğulayır, onların eyni kök, eyni mənşədən gəldiyini, bu səbəbdən də dost və düşmənlərinin də eyni olduğunu bildirirdi.
 
Budaq Budaqov həm əsl vətənpərvər, həm də əsl alim kimi elə böyük şəxsiyyət idi ki, hətta bir kəs belə olsun onunla söhbətən edən şəxs öz mənəvi aləminin necə zənginləşdiyini hiss edir, uzun müddət bu görüşün təəssüratından çıxa bilmirdi. 
 
Budaq Budaqov 2012-ci ildə Bakı şəhərində vəfat etsə də, böyük alimin qoyub getdiyi çoxlu sayda məqalə və kitablar bu gün də gənclərimizin maariflənməsində, bilik və bacarıqlarının artırılmasından mühüm rol oynamaqdadır. Onun yetişdirdiyi çoxsaylı elmi kadrlar bu gün respublika həyatının demək olar ki, bütün sahələrində, o cümlədən böyük elm mərkəzləri, təhsil qurumları, institut və akademiyalarda fəaliyyət göstərməkdə, gənc nəslin təlim-tərbiyəsində aktiv iştirak etməkdədir. Dövlət maraqlarımızın, milli mənafeyimizin müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu kadrların böyük rolu var ki, bu da Budaq Budaqovun pedaqoq kimi zəhmətinin nəticəsidir.
 
Budaq Budaqovun zəngin yaradıcılığına nəzər saldıqda, əminliklə demək olar ki, Azərbaycan xalqının bu böyük oğlunun xatirəsi yalnız xalqımızın deyil, dünya elmi ictimaiyyətinin yaddaşında əbədi qalacaq, hər zaman sonsuz hörmət və ehtiram hissi ilə yad ediləcək. 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycan - maddi mədəni irsimiz” adlı layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Seçilən
35
moderator.az

1Mənbələr