AZ

İran Ermənistanı Azərbaycan PUA-larından qoruyur?


Azər Həsrət: “Ortalığı qarışdırmaq üçün bu cür təxribatçı xəbər yayırlar”

Bəzi mənbələr İran Hərbi Hava Qüvvələrinin ölkənin şimal-qərbində intensiv patrul xidməti apardığını bildirir. “Sepah Pasdaran” Telegram kanalı xəbər verir ki, bu hərəkətlərin səbəblərindən biri Azərbaycan ordusunun hərəkətləri olub. İddia ediblər ki, Ermənistan sərhədi yaxınlığında Bakının guya kəşfiyyat pilotsuz təyyarəsi aşkarlanıb.

Kanal iddia edib ki, son günlər erməni xəbər mənbələri guya Azərbaycanın pilotsuz təyyarələrinin Ermənistan sərhədləri yaxınlığında fasiləsiz uçuşlar həyata keçirməsi barədə xəbərlər yayıb.

İran Ermənistanı Azərbaycanın PUA-larından qoruyur?

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlər ən yüksək səviyyədə qurulacaq, dostluq münasibətləri belə yaranacaq, çox yaxın olacağıq, bir-birimizi rahatlıqla anlayacağıq, bir-birimizə gediş-gəliş də edəcəyik. “Yəni bütün sahələrdə işbirliyi quracağıq, heç bir narazılıq, umu-küsü olan deyil. Hətta belə olanda belə İranın fars-molla rejimi yenə də dinc duran deyil, yenə də ortalığı qarışdırmaq üçün nəsə edəcək. Yəni bunlar açıq şəkildə bəyan ediblər ki, ermənilərlə biz qardaşıq. Boş-boşuna müsəlman qardaşlığından və sairdən danışırlar. Amma reallıqda ermənilərlə qardaşdılar. Ona görə də Azərbaycanla Ermənistanın anlaşdığını, aradakı problemlər öz həllini tapmaq üzrə olduğunu görəndə narahat olurlar. İki dövlətin rəhbərləri rahat bir şəkildə ikitərəfli görüş keçirir, anlaşır, müzakirə edir, ortaq məxrəcə gəlir və bunlar da ortalığı qarışdırmaq üçün bu cür təxribatçı xəbər yayırlar. Azərbaycanın Ermənistanın üzərində nəzarət etməsi, yaxud kəşfiyyat məlumatı toplaması 2+2-dir. Yəni bundan nə Ermənistan özünü qoruya bilər, nə də ki, İran kimi fars molla rejiminin orta əsrlərdə ilişib qalmış qafası”.

A.Həsrət qeyd etdi ki, Azərbaycan həm kosmosdan bunu edir, həm də Ermənistanın ərazisi o qədər balacadır ki, Azərbaycan Ermənistan ərazisinə girmədən də uzaqdan öz kəşfiyyatını apara bilir: “Yəni İran, tutaq ki, sərhəddə PUA-larla gəzib bizə nə edəcək ki? Bizə hücum edəcək? Sadəcə olaraq bunlar ürək bulandırmaq üçün ortaya atılan informasiyalardır. Milçək misalında olduğu kimi: özü bir şey deyil, amma ürək bulandırır. Bax, fars-molla rejimi bu gün ürək bulandırır. Həmişə deyirəm, bu durumdan qurtarmağın tək yolu odur ki, İran ya bütövlükdə bir türk dövlətinə çevrilməlidir, ya da 8 yeni dövlətə bölünməlidir ki, onun da biri Güney Azərbaycan Cumhuriyyəti olmalıdır. Biz artıq o məsələni birdəfəlik qapatmalıyıq. Güney Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra artıq İran-Azərbaycan sərhədi deyilən sərhəd də qalmayacaq. Yəni artıq İran-Ermənistan sərhədi adlı da bir sərhəd qalmayacaq, Zəngəzur dəhlizinə belə ehtiyacımız olmayacaq. Bu gün İran İslam Respublikasının ərazisi sayılan torpaqlar bizimdir. Biz oralara sahibləndikdən sonra artıq bu təxribatlara da yol qalmayacaq. Yəni çıxış yolu budur”.

İradə SARIYEVA

Seçilən
48
baki-xeber.com

1Mənbələr