AZ

Kremlin AZAL təyyarəsi ilə bağlı etirafı Rusiyanı zəif salmayacaq, əksinə, ona etibarı artıracaq...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində Rusiya hava məkanında vurulan AZAL təyyarəsi ilə bağlı məsələyə yenidən toxunub. Hikmət Hacıyev qeyd edib ki, Rusiya bu məsələdə məsuliyyəti öz üzərinə görüməli, ədalətin təmin olunması üçün bütün gərəkli addımları atmalıdır:

“Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”.

Hikmət Hacıyevin açıqlamasından da göründüyü kimi, Azərbaycanın bu məsələdə Rusiya tərəfindən gözləntisi kifayət qədər sadə və anlaşılandır. Rusiya beynəlxalq hüququ, eləcə də ədalət prinsipini əsas tutaraq öz hava məkanında vurulan AZAL təyyarəsinə görə üzrxahlıq etməli, cinayətkarları məsuliyyətə cəlb etməli və zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Hansı ki, təyyarənin vurulduğu 25 dekabr 2024-cü ildən bugünə qədər Rusiyanın bu məsələdə məsuliyyətdən qaçmağa çalışdığı, Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmədiyi müşahidə edililir.

Maraqlıdır, bəs Rusiya niyə öz səhvini etiraf etmək istəmir? 

Çox güman ki, Rusiya belə bir etiraf və üzrxahlıq edəcəyi təqdirdə dünyadakı imicinin zəifləyəcəyini, bu etirafın onu gücsüz göstərəcəyini düşünür. Bu isə hər zaman güclü görsənməyə çalışan və bu səbəbdən də üç ildən çoxdur ki, Ukraynada ağır itkilər verməsinə rəğmən geri çəkilmək istəməyən Kreml üçün dəhşətli bir şeydir. Halbuki, belə bir üzrxahlıq və bu üzrxahlığın davamı olaraq atacağı addımlar Rusiyanı zəif salmayacaq, əksinə, ona olan inam və etibarı daha da artıracaq. Bu isə bütün dünyanın anti-Rusiya əval-ruhiyyəsinə kökləndiyi indiki məqamda Moskva üçün ikiqat əhəmiyyətlidir.

Bundan başqa, Kremlin AZAL təyyarəsi ilə bağlı məsuliyyətli davranışı Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin də önəmli dərəcədə azaldılmasına, iki dövlət arasında yeni etimad mühitinin formalaşmasına səbəb ola bilər.

Bir sözlə, hər şey Rusiyanın AZAL təyyarəsi ilə bağlı sərgiləyəcəyi mövqedən asılıdır. Bu mövqe nə qədər ədalətli və dürüst olacaqsa, Rusiyaya münasibət də bir o qədər adekvat olacaq.

Seymur ƏLİYEV

 

Seçilən
22
moderator.az

1Mənbələr