Bakı, 26 iyul, AZƏRTAC
Fransa Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı deyil. Bu ölkə Ermənistanın vasitəsilə regionumuzda öz maraqlarını həyata keçirməyə çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib. Deputat bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi rəsmi Parisə rahatlıq vermir. 44 günlük müharibə və ondan sonrakı mərhələdə Fransanın ölkəmizə qarşı aqressiv mövqeyi özünü açıq-aşkar göstərir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa beynəlxalq hüququ tapdayaraq işğalçı Ermənistana açıq dəstək verib. Bu ölkənin parlamentinin İkinci Qarabağ müharibəsindən sonra qəbul etdiyi sənədlər, separatçı rejimi tanımaq cəhdləri bunun göstəricisidir.
Onun sözlərinə görə, hazırda Azərbaycanla Ermənistanın birbaşa danışıqları və sülhə yaxın olmasına rəğmən Fransa yenə də çirkin niyyətindən əl çəkmir. Yaxın günlərdə bu ölkənin Milli Assambleyasına təqdim olunmuş sənəd və sənəddə reallıqların təhrif olunması, Azərbaycana qarşı qərəz bunu təsdiqləyir. Dövlətimiz bu ölkənin qərəzli addımlarını cavabsız qoymur. Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatı da bu baxımdan xüsusi vurğulanmalıdır. Bəyanatda qeyd olunduğu kimi, Azərbaycanla Ermənistan arasında xüsusən Abu Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan Fransanın müstəmləkə siyasətinə qarşıdır və müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləyir. Həmin xalqların hüquqlarının qorunması sahəsində beynəlxalq müstəvidə tədbirlər keçirilir. Artıq dünya ictimaiyyəti dövlətimizin dəstəyi sayəsində həmin xalqların haqq səsini eşitməyə başlayıb. Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir. Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca narahat edir. Azərbaycana qarşı irəli sürülən qətnamə layihəsi də Parisin guya cavab tədbirlərindən biridir. Ermənipərəst dairələr anlamalıdır ki, bu cür cəhdlərlə heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan güclü və haqlı tərəfdir. Cənubi Qafqazda yeni reallıqları məhz Azərbaycan yaradıb və hər kəs bu reallıqlarla barışmağa məcburdur.