Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” və “Şamaxı” komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş oyunda qapılara bütövlükdə 7 qol vurub.
“Şamaxı” bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində Karim Rossi, Abdullahi Şuaybu, Emil Süleymanov və Rikardo Apolinario hərəyə bir dəfə fərqləniblər, Dioqo Balau isə dubla imza atıb. Gəncəlilərin təsəlli qolunu Fərid Kələntərov vurub.
Xatırladaq ki, “Kəpəz” bundan əvvəl keçirdiyi sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.
“Şamaxı”nın yay toplanışı isə avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq. Ayxan Abbasovun komandası daha öncə “Qəbələ”yə 1:2 hesabıyla uduzub, “Karvan”a 2:0 hesabıyla qalib gəlib.