AZ

ADU-da Milli Mətbuatın 150 illiyinə həsr olunmuş görüş KEÇİRİLDİ

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika şöbəsinin müəllim və tələbələri ilə Milli Mətbuatın yaranmasının 150 illiyi ilə əlaqədar görüş keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Coşqun Dadaşov tədbiri giriş sözü ilə açaraq mətbuatın yaranma tarixinə nəzər salıb, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuatla iş siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, media işçilərinin diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində həqiqətlərin dünya arenasına çatdırılmasında jurnalistlərin xüsusi rolunu qeyd edib. C.Dadaşov dünyanın diqqət mərkəzində olan III Şuşa Qlobal Media Forumunu işıqlandıran jurnalistlər arasında ingilisdilli ADU məzunlarının olmasının qürurverici hal olduğunu vurğulayıb. Məzunlarımızın uğurlarında Beynəlxalq jurnalistika şöbəsinin müəllim heyətinin böyük əmək və zəhmətinin dayandığını bildirib. 

C.Dadaşov media nümayəndələrinin əməyinin dəyərləndirilməsi, onların fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsinin bu il də davam etdiyini qeyd edib. O,ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müəllimi, “Teleqraf” İnformasiya Agentliyinin baş redaktoru Nərgiz Cavadzadəni Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə imzaladığı sərəncamla"Tərəqqi" medalına layiq görüldüyünə görə təbrik edib. 

ADU-nun Elmi işlər üzrə prorektoru Həmidə Əliyeva bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın bu gün dövlətimizin inkişafı, cəmiyyətin obyektiv, doğru və peşəkar səviyyədə məlumatlandırılması və maariflənməsində mühüm rol oynayır. 

O, ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı başda olmaqla müəllim heyətinin ixtisas açılandan bu günədək gördükləri işlərin göz önündə olduğunu, tələbələrimizin ölkənin ictimai həyatında aktiv iştirak etdiklərini vurğulayıb və N.Cavadzadəni təbrik edib. 

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı da öz növbəsində şöbənin müəllimi Nərgiz Cavadzadəni təbrik edib, təşəbbüs münasibətilə universitetin rektoru Kamal Abdullaya təşəkkürünü bildirib. Nərgiz Çərkəzqızı qeyd edib ki, son illərdə jurnalistika sahəsinə artan maraq bilavasitə universitet rəhbərliyi tərəfindən göstərilən diqqətin və tələbəyönümlü strategiyanın məhsuludur. Şöbə müdiri onu da bildirib ki, "Beynəlxalq jurnalistika" şöbəsinin tələbə və müəllim kollektivinin səyi nəticəsində müvəffəqiyyətlə dolu tədris ili keçirməsi də Kamal Abdullanın ötürdüyü dəyərlər sırasındadır. Tələbələrin bakalavriat səviyyəsi üzrə təhsilini başa vurmadan müxtəlif media subyektlərində işlə təmin olunması, Şuşa Qlobal Media Forumu kimi strateji əhəmiyyətli tədbirlərdə könüllü kimi iştirakı da komanda şəklində qazanılan uğurların göstəriciləri sırasındadır. Bu gün Azərbaycan Dillər Universitetinin "Jurnalistika" ixtisasını bitirən tələbələr çalışdıqları media qurumlarında öz universitetlərini uğurla təmsil edir.

Daha sonra ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müəllimi, “Teleqraf” İnformasiya Agentliyinin baş redaktoru Nərgiz Cavadzadə çıxış edərək ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmasının tərcümeyi-halında qürurlu səhifə olduğunu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin etimadı stimul olmaqla yanaşı həm də böyük məsuliyyət yaradır. N.Cavadzadə bildirib ki, ADU-nun jurnalistika ixtisası üzrə yetirmələrinin ölkənin aparıcı media qurumlarında çalışması, mötəbər tədbir və forumların işıqlandırılmasına cəlb olunması çəkilən zəhmətin hədər getmədiyini nümayiş etdirir.

Seçilən
148
news24.az

1Mənbələr