Futbol üzrə Şri-Lanka milli komandasının sol vingeri Samuel Durrant bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Son olaraq Uelsin “Konnas Ki Nomads” klubunun formasını geyinmiş 23 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.
İngiltərənin “Everton” və “Liverpul” klublarının yetirməsi olan Samuel Durrant karyerası ərzində “Bləkbörn Rovers”, “Şeffild Uensdey”, “Dandalk” kimi klubların da formasını geyinib.
Bu ilin əvvəlində “Konnas Ki Nomads” klubuna qoşulmuş futbolçu bu komandanın heyətində 10 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, bu yay Uels klubundan azad agent kimi ayrılmışdı.
23 yaşlı futbolçu Şri Lanka millisində 10 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə və Vadim Abdullayevi də heyətinə qatmışdı.
Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynov komandanı tərk ediblər. Kamran İbrahimov isə Yevlax klubu ilə yeni müqaviləyə imza atıb.