İyulun 26-da Bakıda Azərbaycan - Gürcüstan Gənclər Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən forum Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze, Milli Məclisin deputatı, Azərbaycan–Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, eləcə də Azərbaycan və Gürcüstan gəncləri – Esmira Nəsibova, Əli Süleymanlı və Kevan Gabeli çıxış ediblər. Gənclər layihə ilə bağlı təəssüratlarını və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüblər.
Tədbirdə təqdim olunan Azərbaycan milli rəqs nömrəsi iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Ardınca gürcüstanlı gənclərin rəqs ifaları tədbirə rəng qatıb. Sonda isə gənc ifaçı Zaur Kərimli tərəfindən “Cənnətimsən, Qarabağ” mahnısı səsləndirilib.
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanazde jurnalistlərə açıqlamasında forumun əhəmiyyətindən danışıb: " Biz burada gənclərin səmimi emosiyalarını görürük. Gənclər gələcəklə bağlı müzakirələr aparırlar. Biz hər il gənclər təşkilatları və gənclərin fəaliyyəti üçün büdcə ayırırıq. Hesab edirəm ki, bu forum ölkələrimiz arasında əlaqələr qurmaq üçün çox mühümdür. Bu cür tədbirlərdə gənclər ölkələrinin gələcəyi üçün öz potensiallarından maksimum yararlanırlar".
Forum “Youth to Youth” adlı açıq dialoq sessiyası ilə davam edib.