Azərbaycan və Gürcüstan arasında olan münasibətlər dövlətlər səviyyəsində, eyni zamanda, iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə inkişaf etdiyi kimi gənclər arasında da irəliləyir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gürcüstan Gənclər Forumunun rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gəncləri arasında keçirilən forum mühüm əhəmiyyət kəsb edir: "Gənclər bizim gələcəyimizdir. Forumun keçirilməsində əsas məqsəd gənclər arasında əlaqələrin gücləndirilməsidir. Bu məsələ Prezident İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən görüşdə qaldırılıb. Məsələ birmənalı şəkildə parlament səviyyəsində də dəstəkləndi. Hesab edirəm ki, Şəkidə, Qubada, Bakıda gənclər arasında keçirilən forumlar ikitərəfli əlaqələrin genişlənməsi, sülhün bərqərar olması, regionda yeni layihələrin həyata keçirilməsi üçün çox ciddi və mühüm platformadır. Avqustun 2-dən 8-nə kimi forum öz işini Gürcüstanda davam etdirəcək. Bizim gənclər həmin forumda iştirak edəcəklər".