Donald Tramp administrasiyasının siyasətinə təsir etməyə çalışırlar
"ABŞ-dəki erməni lobbisi növbəti dəfə ölkəmizə qarşı çirkin kampaniyaya başlayıb. Tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını həzm edə bilməyən erməni diasporu indi də ələ aldığı konqresmenlər vasitəsilə Tramp administrasiyasının siyasətinə təsir etməyə çalışır".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Bildirib ki, ABŞ-nin dövlət maraqlarından deyil, erməni lobbisinin maraqlarından çıxış edən həmin konqresmenlər açıq təxribatla məşğuldurlar. "Bir qrup konqresmenin imzaladığı müraciət Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşün nəticələrini heçə endirməyə yönəlib. Erməni lobbisi tərəflərin Əbu-Dabi danışıqlarından razı qalmasını qəbul etməyərək sülh prosesini pozmağa cəhdlər edir. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini artıq razılaşdırıblar. Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət, konstruktiv yanaşma nəticəsində sülh prosesini irəli aparmaq üçün ciddi zəmin yaranıb. Bir qrup ABŞ konqresmeninin çağırışları isə bu prosesə mane olmaq məqsədi daşıyır", - deyə o açıqlayıb.
Deputatın sözlərinə görə, Bayden-Blinken dövründən bizə yaxşı tanış olan həmin ermənipərəst simalar faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar: "Azərbaycan ictimaiyyəti həmin şəxsləri yaxşı tanıyır. Frank Paloni, Bob Menendez, Bred Şerman kimilər vaxtilə Azərbaycana qarşı işğal siyasətinə, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susaraq təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cəlladlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum edilib. Anti-Azərbaycan müraciətin təşəbbüskarlarından biri olan demokrat senator Adam Şiffi isə Tramp sərt tənqid edib".
V.Rəhimzadə qeyd edib ki, regionda davamlı sülhün yaranmasında maraqlı olmayan erməni lobbisi və onun konqresmen əlaltıları eyni zamanda ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar: "Şübhə yoxdur ki, Ağ Ev administrasiyası Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmağa hesabalanan qondarma müraciətə və onu imzalayan konqresmenlərə layiq olduqları qiyməti verəcək".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"