AZ

 Fransa məkrindən əl çəkmir

Amma bu müstəmləkəçi ölkə nə edir etsin, Cənubi Qafqazda sülh bərqərar olacaq

Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülh prosesi son vaxtlar sürətlənib. Xüsusilə iyulun 10-da Ermənistan ilə Azərbaycan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşü barış sənədinin imzalanmasına tezliklə nail olunacağına dair böyük ümidlər yaradıb. İki ölkə liderinin həmin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılıb.

Amma bölgədə sülh, təhlükəsizlik, rifah üçün tarixi fürsətin yarandığı bu həssas məqamda anti-Azərbaycan ünsürlərin ölkəmizə qarşı hücum və qarayaxma kampaniyaları da intensivləşib. Bu yaxınlarda 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək onu ermənilərin "Dağıq Qarabağ"a qayıtmasına dəstək verməyə çağırıblar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Adları çəkilən konqresmenlər ermənipərəst mövqeləri və Azərbaycana qarşı qərəzləri ilə tanınırlar. 

Bu azmış kimi bir neçə gün öncə Fransa Milli Assambleyasında Azərbaycana qarşı yeni qərəzli qətnamə layihəsi irəli sürülüb. Başdan-başa yalan və iftira üzərində qurulan həmin bədnam layihədə ölkəmizin suverenliyi şübhə altına alınıb. Görünür, Azərbaycan ilə Ermənistan arasında normallaşmanın əldə olunması müstəmləkəçi Fransanı qane etmir. Belə güman etmək olar ki, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq antiterror tədbirlərindən sonra Qarabağda separatizmə uzatdığı qolu birdəfəlik kəsilən Fransa bölgəyə dönmək  istəyir. Ölkəmizə qarşı açıq düşmənçilik siyasəti aparan riyakar Paris sonrakı dönəmdə regionda varlığını saxlamaq üçün Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarında tərəf kimi iştirak etməyi planlaşdırmışdı. Lakin Fransa sülhün əldə edilməsindən daha çox ona mane olmaqla məşğul idi. 2023-cü il Qranada görüşünün məhz Makronun "sülh" səyləri sayəsində fiaskoya uğramasını xatırlayaq. Elə Parisin İrəvanı silahlandıraraq onu revanşa və müharibəyə həvəsləndirməsi faktı da unudulmamalıdır. 

XXI əsrdə də müstəmləkə siyasətini davam etdirən Fransa bu çirkin əməlinin ölkəmiz tərəfindən dünyada ifşa edilməsini həzm edə bilmir. Azərbaycan bütün beynəlxalq platformalarda neokolonializmi və onun təzahürlərini pisləyir, müstəmləkə altında inləyən xalqların fundamental hüquqlarının təmin edilməsinə çağırışlar edir. Beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu neokolonializmdən əziyyət çəkən xalqların azadlıq səslərini dünyaya çatdıran platforma rolunu oynayır.

Bu istiqamətdə gerçəkləşdirilən davamlı və təsirli fəaliyyət sayəsində Yeni Kaledoniyada kanaklara qarşı həyata keçirilən repressiv siyasət dünya gündəminə çıxarıldı. Bakı Təşəbbüs Qrupu vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan bu məsələdə Fransaya edilən təzyiqlər Parisdə Yeni Kaledoniya dövlətinin yaradılması kimi mühüm razılaşmanın əldə olunmasına gətirib çıxardı. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında razılaşma imzalandı. 13 səhifəlik sənəddən ibarət sözügedən razılaşmada Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya dövlətinin yaradılması nəzərdə tutulur. Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda təsdiq olunması planlaşdırılır.

Bakının məharətli və çevik diplomatiya ilə Parisi küncə sıxışdırması və Cənubi Qafqazdakı sülh danışıqlarından kənarda qoyması, eləcə də Fransanın neokolonial siyasətinə qarşı effektiv mübarizə apararaq müsbət nəticələr əldə etməsi Avropanın bu  müstəmləkəçi ölkəsini özündən çıxarır və qərəzli addımlar atmağa məcbur edir. Elə Fransa Milli Assambleyasının hazırladığı yeni qətnamə layihəsi də bu qərəzli məcburiyyətdən doğur. 

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatında da bildirilir ki, regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş olunur və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır. "Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir", - deyə bəyənatda bildirilir. 

Qeyd edilir ki, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir: "Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca qıcıqlandırır. Əminliklə demək olar ki, Fransa tərəfi Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə özünəməxsus üslubda - həmin qətnamə layihəsi ilə cavab verməyə çalışır".

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun bəyanatında deyilir ki, bütövlükdə bu kimi addımların - istər Valeri Pekres, Ann İdalqo kimilərinin anti-Azərbaycan fəaliyyətinin, istərsə də Milli Assambleyada indiyədək ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrin mahiyyəti bundan ibarətdir ki, Fransa Cənubi Qafqazda sülh gündəliyindən tamamilə kənarda qalmasını həzm edə bilmir.

Vurğulanır ki, ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir: "Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə parlamentində, Fransa parlamentində, ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar".

Ancaq qərəzli xarici qüvvələrin Cənubi Qafqazda sülhü hədəf alan anti-Azərbaycan kampaniyaları həmişəki kimi fiaskoya məhkumdur.  Milli maraqlarına qarşı çıxan bütün gücləri yerlərində otuzdurmağa qadir olan Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda sülh prosesi bundan sonra da müsbət məcrada inkişaf edəcək və çox tezliklə öz məntiqi nəticəsinə çatacaq. 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Seçilən
63
azerbaijan-news.az

1Mənbələr