AZ

Rusiyanı zəngin edən Azərbaycanlı

RF iqtisadiyyatının bel sütunu sayılan Sibir nefti Fərman Salmanovun adı ilə bağlıdır

Rusiyanın bütün dövrlərdəki inkişaf tarixində Azərbaycan övladlarının seçilən, sanballı dəst-xəti olub. Hərçənd ki, orada azərbaycanlılara çox vaxt yalnız bazar alverçisi kimi baxırlar. Lakin Rusiyada yaşayan və o ölkəyə çoxlu faydalar gətirən həmyerlilərimiz arasında azmı alim, həkim, müəllim, mühəndis və digər sahələrin mütəxəssisləri olub?! Onlar indi də çoxdur. İstənilən qədər ad çəkmək mümkündür.

Belə isə Rusiyada azərbaycanlılara bugünkü ögey, qərəzli münasibət nədən qaynaqlanır? İş o yerə çatıb ki, artıq Mixail Qusman kimi tanınmış jurnalist və ictimai xadim Azərbaycanda anadan olduğuna, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin siyasətini dəstəklədiyinə görə ədalətsiz şəkildə vəzifəsindən uzaqlaşdırılıb.

Bəlkə də indi bütün bu səbəblərdən Rusiyanın inkişafında çox böyük xidmətləri olan azərbaycanlıların adları tez-tez yadımıza düşür, surətləri gözümüz önündə canlanır. Onlardan biri də əgər yaşasaydı, sabah 94 yaşı tamam olacaq Fərman Salmanovdur.

...Dağlar öz yüksəkliyində və əzəmətində qalır - bizdən uzaqda da olsalar, yaxında da. Böyük nur çeşmələrinin işığı təkcə öz ətrafına deyil, uzaq məsafələrdəki yollara-rizlərə də düşür. Xalqına şan-şöhrət gətirən oğullar isə elinin-obasının fəxrinə, qüruruna çevrilir - vətəndə də olsalar, ondan xeyli uzaqlarda da...

Gənc yaşlarından Azərbaycandan uzaqlarda yaşayan, Sibirdə, qədim Yuqra diyarında əsl xariqələr yaradan Fərman Salmanov xalqımıza həmişə başucalığı gətirib. 18 il əvvəl dünyasını dəyişsə də, dərin qatlarının "qara qızıl" sərvətini üzə çıxardığı Sibir torpağında əfsanələşən, daim yadda qalan və əməlləri yaşayan bir obraza çevrilib.

Kim idi Fərman Salmanov? Sibir neftini kəşf edən məşhur geoloq. Yaşadığı dövrün ən yüksək mükafatlarına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına, Lenin mükafatına layiq görülmüşdü. Geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini isti iş otağı və rahat laboratoriyalarda deyil, şaxtası insanın iliyinə işləyən Sibir çöllərində, qarla örtülmüş vadilərdə, buz bağlamış okean sahillərində neft yataqlarını kəşf edə-edə qazanmışdı. Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Rusiya Federasiyasının əməkdar geoloqu adını almışdı.

Fərman Salmanov şöhrətin bu zirvəsinə çatanadək keşməkeşli yollardan adlamışdı. Qəribədir ki, Fərmanın ağlı kəsməyə başlayanda Şəmkirin Morul kəndində babası Süleyman kişidən eşitdiyi ilk nağıl Sibir haqqında olmuşdu. Əslində bu, acı bir həyat hekayəti idi. Belə ki, Süleyman kişi hələ gənc ikən, 1888-ci ildə dini vergiləri ödəməkdən boyun qaçırdığı üçün 20 il müddətinə Sibirə sürgün edilmişdi. Lakin Rusiya-Yaponiya müharibəsində igidlik göstərməsi Süleymanı xilas etmiş və o, evləndiyi rus qızı Olqanı da götürüb vətənə gəlmişdi. Olqa dilimizi öyrənmiş, dinimizi qəbul etmiş və artıq Firuzə kimi kənddə-kəsəkdə hamı ilə doğmalaşmışdı. Balaca Fərman nənəsindən az da olsa, rus dilini öyrənə bilmişdi. Odur ki, SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirdə səfərdə olarkən hörmətli qonağı məktəblilər adından salamlamaq Fərmana həvalə edilmişdi. Görüş zamanı Baybakov Fərmandan soruşmuşdu ki, böyüyəndə nəçi olmaq istəyir. O isə dərhal "neftçi olacağam" demişdi. Uşağın başını sığallayan Baybakov sanki bu yolda ona xeyir-dua vermişdi.

İllər keçdikcə yeniyetmə Fərmanın təxəyyülündə "Sibir" və "neft" məfhumları birləşərək onu uzaq yollara, böyük məqsədlərə səsləyir.

1954-cü ildə Azərbaycan Sənaye İnstitutunu (indi Azərbaycan Neft və Sənaye Universiteti) bitirən gənc mühəndis-geoloq Moskvaya məktub göndərərək N.Baybakovdan xahiş edir ki, onun Sibirdə işləməsinə imkan yaradılsın. Fərmanı Moskvaya çağırır, hətta yol pulunu da verib Kuzbasa göndərirlər. Beləliklə, bir zamanlar Sibirdə günahsız cəza çəkməyə məhkum edilən kişinin nəvəsi indi buraya xoş əhvali-ruhiyyə ilə, xeyirxah missiya ilə qədəm qoyur.

Lakin iki-üç il Kemerovo və Novosibirsk vilayətlərində aparılan neft axtarışları heç bir nəticə vermir. Odur ki, 1957-ci ilin avqust ayında Fərman Salmanov yuxarı instansiyalara müraciət etmədən və heç kəsdən icazə istəmədən öz geoloqlar dəstəsi ilə Surquta yollanır və orada qazma işlərinə başlayır. Bu hərəkətinə görə onu işdən çıxarmaq və həbs etmək istəyirlər. Daxilindən gələn bir səs isə Fərmana "geriyə çəkilmə!" deyirdi. O, bütün təzyiqlərə dözüb ərazini tərk etmirdi. Nəhayət, müdiriyyət "yuxarılar"ın razılığını alıb köhnə tarixlə əmr imzalayır və Salmanovun Surquta getməsini rəsmiləşdirir.

1961-ci ilin yazında çox sevdiyi Novruz bayramı Fərmana xoş müjdə gətirir. Mart ayının 21-də Megion kəndi ərazisində qazılan ilk quyu 2180 metr dərinlikdən fontan vurur. Lakin bu quyunun ehtiyatlarının cüzi olduğunu söyləyərək Salmanovun qələbəsinə əhəmiyyət vermirlər. Çox keçmədən Ust-Balıq rayonunda ikinci quyu fontan vurur. Salmanov müdiriyyətə radioqramla xəbər verir: "Burada neft aşıb-daşır". Bununla kifayətlənməyib SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşova ötkəm məzmunlu belə bir teleqram da göndərir: "Mən nefti tapdım! Bax, belə! Salmanov".

Fərman Salmanovun gələcək karyerası çox uğurlu oldu. O, Qərbi Sibirdə neft və qazla bağlı ən böyük müəssisələrə rəhbərlik etdi. Tarixdə isə "Mamont", "Megion", "Pravdinsk", "Urenqoy", "Yamburq" kimi nəhəng karbohidrogen yataqlarını kəşf etmiş geoloq kimi qaldı. "Müəllif"i azərbaycanlı Salmanov olan bu cür yataqların sayı 130-dan çoxdur.

Vaxtilə insan ayağı dəyməyən yerlərdə indi Qornopravdinsk kimi abad bir qəsəbənin olması da Fərman Salmanovun adı ilə bağlıdır. Sözügedən ərazidə Salmanov neft kəşf edəndən sonra burada insan məskən salmışdır. Məhz buna görə də təxminən on il əvvəl qərara alınmışdı ki, qəsəbənin mərkəzində onun xatirəsinə abidə kompleksi yaradılsın. 

Sibirdə, Qornopravdinsk qəsəbəsində neftçi Fərman Salmanovun bürünc heykəli ucaldılıb. Bu, Rusiya torpağında Azərbaycan oğlunun xatirəsini əbədiləşdirən ilk abidə deyil. Fərman Salmanovun Surqutda və Xantı-Mansiyskdə də heykəlləri, Moskvada büstləri var. Rusiyanın şərqindəki Surqut şəhərinin aeroportu geoloq Fərman Salmanovun adını daşıyır.

Fərman Salmanovun ən böyük abidəsi isə vaxtilə gördüyü misilsiz işlərin hazırkı nəticəsidir. Fərman sanki bu gün də Yuqra diyarı ilə addımlayır. Orada yaşayan və bunları dərk edən rusların özləri də deyir ki, Sibiri Sibir edən azərbaycanlı Fərman Salmanov olub. Çünki Salmanovun kəşf etdiyi yataqların hasilatı hələ də tükənməyib və onlar Rusiyanın hazırkı neft-qaz kompleksinin bazasını təşkil edir.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr