Ondan qorunmağın yolu isə sığortadır
Hər gün qarşılaşdığımız avtomobil qəzaları, yanğınlar, təbii fəlakətlər və digər gözlənilməz risklər maddi və mənəvi zərərə səbəb olur. Bu hallarda qoruyucu bir mexanizmə ehtiyac duyulması mütləqdir. Qeyri-həyat sığortası məhz bu ehtiyacdan yaranan və fərqli sahələr üzrə maddi təhlükəsizliyi təmin edən vacib sığorta növüdür.
Qeyri-həyat sığortası insanın ölümü və ya həyatı ilə bağlı olmayan, yəni başqa sahələrdə baş verə biləcək risklər nəticəsində yaranan maddi zərərləri qarşılayır. Bu kateqoriyaya əmlak, avtomobil, məsuliyyət (bir şəxsin başqasına vurduğu zərər) və digər obyektlərə dair sığorta məhsulları daxildir. Məqsəd hadisə baş verdikdə maliyyə itkilərinin qarşısını almaq və ya onların təsirini minimuma endirməkdir. Bu sığorta növü ilk baxışdan sadə görünsə də, əslində gündəlik həyatımızın bir çox sahəsinə toxunan geniş imkanlar təqdim edir. Bəzən itkilərin altından təkbaşına çıxmaq çox çətin olur. Bu zaman həmin çətinliyi qeyri-həyat sığortası "boynuna götürərək" insanın arxasında dayanan güclü dayaq rolunu oynayır.
Hazırda ən çox istifadə olunan qeyri-həyat sığorta növlərindən biri avtonəqliyyat vasitələrinin sığortasıdır. Bu, kasko və ya icbari sığorta formasında tətbiq olunur. Kasko könüllü xarakter daşıyır və avtomobilə dəyən ziyanın tam və ya qismən ödənməsini təmin edir. İcbari sığorta isə qanunla tənzimlənir və digər şəxslərə vurulan zərərin ödənilməsi üçün nəzərdə tutulur. Bundan əlavə, əmlak sığortası da geniş yayılan və getdikcə daha çox insan tərəfindən seçilən bir təminat növüdür. Sağlamlıq və tibbi xərclərin sığortası da xüsusilə son illər aktuallaşan sahələrdəndir.
Daha spesifik sahələr üçün nəzərdə tutulan digər qeyri-həyat sığorta növləri də mövcuddur. Məsələn, yük sığortası daşımalar zamanı malların itməsi, zədələnməsi və ya oğurlanması kimi hallara qarşı təminat verir. Səyahət sığortası ölkə xaricinə gedərkən səhhət problemləri, ləğv olunmuş uçuşlar və digər risklərə qarşı müdafiə vasitəsidir. Kənd təsərrüfatı sığortası isə fermerlərin məhsullarını, texnikasını və heyvanlarını təbii fəlakətlər və xəstəliklərə qarşı qorumağa yönəlmiş mühüm bir alətdir. Bütün bu dediklərimizi bir cümlə ilə belə ifadə edə bilərik: sığorta kiçik məbləğ ödəməklə (sığorta haqqı), böyük maliyyə zərərlərindən qorunmaq deməkdir.
Sığortanın tarixi çox qədimdir və min illər əvvələ gedib çıxır - təqribən e.ə. 1750-ci illərə. O dövrdə Babilistanda Hammurabi qanunlarında sığorta prinsipinə bənzər maddələr mövcud olub. Çinlilər su yolu ilə daşınan malları müxtəlif qayıqlarla daşıyaraq risk alıblar. Hindlilər isə kənd təsərrüfatı ilə bağlı məhsul itkisinə qarşı cəmiyyət daxilində dəstək sistemi qurublar. Antik Roma dövründə dəfn sığortası olub, insanlar pul yığaraq ölümlə bağlı xərcləri bölüşüblər.
Müasir sığortanın əsası isə XIV əsrdə İtaliyada qoyulub. 1347-ci ildə Genuyada ilk yazılı dəniz sığortası müqaviləsi bağlanıb. Sənəd ticarət gəmilərini və yükləri dəniz təhlükələrinə qarşı sığortalayırdı. Bu rəsmiyyət forması daha sonra İngiltərədə həyata keçirilib. Nəticədə "əmlak və yanğın sığortası" anlayışı inkişaf etməyə başlayıb. Artıq insanlar əmlaklarını qorumağın yalnız fiziki yox, həm də maliyyə mexanizmləri ilə mümkün olduğunu dərk ediblər və "Lloyd's of London" adlı sığorta şirkətini dövriyyəyə buraxıblar.
Azərbaycana gəlincə, onu deyə bilərik ki, sığorta xidməti ölkəmizdə XIX əsrin sonlarından başlayaraq inkişaf edib. Zaman keçdikcə, sosial-iqtisadi dəyişikliklər və texnoloji inkişaf sığorta bazarının da çevik şəkildə transformasiyasını şərtləndirib. Müstəqillik əldə olunduqdan sonra Azərbaycanda sığorta sektorunda yeni mərhələyə keçid baş verdi. 1990-cı illərdən etibarən sığorta bazarının hüquqi və institusional əsasları formalaşdı. Müvafiq qanunvericilik aktları qəbul olundu, yeni sığorta şirkətləri yaradıldı və beynəlxalq təcrübəyə əsaslanan idarəetmə mexanizmləri tətbiq olunmağa başladı. Bu proses həm dövlətin, həm də vətəndaşların sığortaya olan münasibətində keyfiyyət dəyişikliyi yaratdı.
Bu gün Azərbaycanda sığorta artıq yalnız dövlət və böyük şirkətlərin maraq dairəsində deyil, həm də fərdi vətəndaşların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Hazırda ölkədə 20-dən çox qeyri-həyat sığorta şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, həmin şirkətlərin fəaliyyəti Mərkəzi Bank tərəfindən tənzimlənir və lizenziyalaşır. Sığorta sahəsində həyata keçirilən dövlət islahatları, normativ-hüquqi bazanın gücləndirilməsi və maliyyə savadlılığının yüksəlməsi sektorda ümumi canlanmaya səbəb olmuşdur. Bu dinamika ən çox qeyri-həyat sığortası istiqamətində özünü göstərir. Qeyri-həyat sığorta bazarının inkişafı təkcə xidmət çeşidlərinin artmasında deyil, həm də sığorta haqlarının həcminin ildən-ilə yüksəlməsində özünü göstərir. Rəsmi statistika bu tendensiyanı təsdiqləyir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 177,578 milyon manat olub. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 12,6 milyon manat və ya 7,6 faiz çoxdur. Eyni zamanda qeyd olunan 6 ayda qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 54,282 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,9 milyon manat və ya 5,6 faiz çoxdur. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyon manat və ya 12,7 faiz çoxdur. 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyon manat və ya 21,4 faiz artım deməkdir.
Sığorta bazarının davamlı inkişafı, yeni məhsulların tətbiqi və rəqəmsallaşma qeyri-həyat sığortasında da yeni imkanlar yaradır. Əsas məsələ bu imkanlardan düzgün və vaxtında istifadə edə bilməkdir. Unutmayaq: risklər həyatın bir parçasıdır. Amma bu riskləri sığortalamaq gələcəyə inamla baxmağın ilk addımıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"