AZ

Dağların Vəfası  

Şaxta qılınc kimi kəsir, külək amansızca əsir və qarşısına keçən hər şeyi hirslə qamarlayıb bu dağdan o dağa, bu dərədən o dərəyə, dərin çatlaqlara sovurmağa can atırdı.

O isə günlərdir gəldiyi bu çətin və təhlükəli yolçuluğu başa vurmağa lap az qalmağın inanılmaz ruh yüksəkliyi ilə çətinliklərə baxmadan böyük istək, həyat eşqi ilə zirvəyə doğru dırmaşmağa davam edirdi. Ancaq hiss edirdi ki, getdikcə bədənində qalan son enerji, fiziki güc tükənir. Bir tərəfdən də şaxta və küləklə mübarizə aparmaq onu tamamilə taqətdən salırdı. Lakin o, heç nəyə fikir vermədən inadla irəliləyir, Everestin bir addımlığında iqtidarının kəsiləcəyi, üzərinə götürdüyü missiyanı tamamlaya bilməyəcəyi kimi qorxunc fikirləri ağlının ucundan belə, keçirməməyə çalışırdı. Və o, həlledici məqamda, olan-qalan son gücünü də toplayıb minlərlə kilometrdir tutunaraq gəldiyi narıncı ipdən bir daha inamla yapışaraq dağa sancdığı qarmaqla özünü yuxarı çəkdi...

İlahi, bu an qarşısında açılan möcüzəvi mənzərədən sanki nəfəsi tutuldu... Yerlə-göyün birləşdiyi yerdə, buludların üzərində, dünyanın ən hündür nöqtəsində - 8848 metr hündürlüyündəki Everest zirvəsində idi... Bir anlıq ona elə gəldi ki, sanki röyadadır. Amma xeyr, bütün bunlar gerçək idi... 

Yalquzaq kimi ulayan sərt və şaxtalı rüzgar onu budaqdan asılmış yarpaq kimi sağa-sola yelləyir, tutunduğu ipdən qoparıb əngin səmalara fırlatmaq üçün aramsız hücumlar edir, o isə heç bir çətinliyə baxmadan, həyatdakı ən böyük amalını yerinə yetirir, dörd tərəfi nəhəng dağlarla çəpərlənmiş Everestin zirvəsində həyəcandan əlləri əsə-əsə, ürəyi uçuna-uçuna Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağını dalğalandırırdı... 

Qürurdan, xoşbəxtlikdən, sevincdən gözlərindən axan qaynar yaşları dondurucu şaxta bir anda buz şəlaləsinə çevirirdi... 

Bayrağımızdan güc aldı

"Everest zirvəsinə qalxmaq üçün ölümü belə gözümün önünə almışdım. Çünki ora elə bir yer idi ki, hər an hər şey ola bilərdi... Zirvəyə uzanan yolda çətinliklərlə də rastlaşdım, gücdən düşdüyüm, əzələlərimin tamamilə boşaldığı, enerjimin, oksigenimin tükəndiyi təhlükəli anlar da yaşadım, amma bir an da olsa geri dönmək barədə düşünmədim. Bilirsiniz, bu çətin yolçuluqda mənə mənəvi güc verən, o zirvəyə aparan  nə idi!? Ürəyimin üzərində daşıdığım və hər nəfəs alanda daim mənimlə olduğunu hiss etdiyim Azərbaycan bayrağı".       

Cəmi bir gün ara ilə Everest və dünyanın dördüncü hündür zirvəsi Lhotzeni (8815 m) fəth edən Vəfa Musayevadır "Zəriflərin dünyası"nda. O qədər də asan olmayan alpinist peşəsindən, dağlara necə könül verməsindən söhbət açan Vəfa xanım dünyanın Everest daxil neçə-neçə uca zirvələrini fəth etməsinin sirlərini oxucularımızla bölüşdü, ölkəmiz adına əldə etdiyi uğurların yaşatdığı qürur hisslərindən bəhs etdi.

"Dağlar məni çağırır"

Vəfa Musayeva ziyalı ailəsində dünyaya göz açıb - ata-anası müəllim olublar. Özü də bu peşəni seçərək Azərbaycan Dillər Universitetini həm bakalavr, həm də magistr pillələrini bitirib. Düz 20 il müəllimlik edib, son 6-7 il ərzində isə təlimçi müəllim kimi fəaliyyət göstərib. Eyni zamanda o, aktiv idmanla da məşğul olsa da, nə vaxtsa peşəkar dağçı, alpinist olacağı ağlına gəlməyib: 

- Təbiəti çox sevdiyimdən tez-tez onun qoynunda gəzintiyə çıxırdım. Amma dağ təcrübəm yox idi. Çünki həmin dövrlərdə Azərbaycanda dağçılıq, alpinizm o qədər də inkişaf etməmişdi. 2016-cı ildə Ulu Öndərin doğum günü münasibəti ilə Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə  yürüş təşkil ediləcəyi ilə bağlı elan qarşıma çıxdı. Bu yürüş üçün qeydiyyatdan  keçdim və həmin zirvəyə qalxdım. Qayıtdıqdan sonra düşündüm ki, bir daha dağa yürüşə getmərəm. Baxmayaraq ki, zirvəyə  rahat çıxmışdım, amma prosesin özü çox çətin idi. Qar, su, palçıq... Amma üzərindən günlər keçdikcə zirvədə yaşadığım fərqli duyğular yenidən mənə hakim kəsildi. O duyğular ki, onları digər hər hansı işlə məşğul olanda heç zaman yaşamamışdım. Buna görə də peşəkar dağçılardan biri ilə tanış oldum və ondan nə zaman dağa getsə, məni də özü ilə aparmasını xahiş etdim. Beləliklə, dağlara yolçuluğum başladı və aktiv şəkildə Azərbaycan dağlarına getməyə başladım. Bilirsiniz, ölkəmizdə əksər dağlara gedəndən, zirvələrə çıxandan sonra düşünürdüm ki, yəqin eyni dağa bir dəfə gedərəm, ikinci dəfə getmərəm. Amma gördüm ki, bu, belə deyil. Dağlar məni tez-tez çağırırdı. Bundan sonra isə mənə 4466 metr hündürlükdən daha yüksək olan zirvələr maraqlı gəlməyə başladı. Alp dağlarında oldum. Daha sonra 5642 metr yüksəklikdə  yerləşən Elbrus zirvəsinə qalxdım. Pamir dağlarına, Cənubi Amerikaya yollandım və Oxos-del-Salado zirvəsinə qalxdım. Bu yolçuluqlar bir növ mənim üçün Everestə getməyə hazırlıq idi. 

İnsanı zirvəyə mənəvi güc daşıyır

Bir qadın olaraq zirvələr fəth etməyin asan və çətin nüansları barədə danışan Vəfa Musayeva söylədi ki, qadın zərif və incə olduğu qədər də güclüdür. Qadınların hər şeyi edə biləcək potensialı var, amma fiziki baxımdan dağçılıqla bağlı müəyyən çətinlikləri də mövcuddur. 

- Qadınlar daha emosional olduqlarına görə dağa çıxmaqda müəyyən çətinliklər yaşaya bilərlər. Əgər qadın dağa yolçuluğu zamanı emosional düşüncələrini arxada buraxmasa, bu onun gücünü azaldar, zirvəyə çıxmasına mane olar. Ancaq qadınlar bütün bu çətinlikləri aşmağı bacarırlar. Ölkəmizin dünyanın ən hündür zirvəsi Everestə çıxan ilk azərbaycanlı qadın vətəndaşı olaraq deyə bilərəm ki, bu, zərif cinsin nə qədər güclü olduğunu göstərir. Qarşına qoyduğun hər hansı hədəfə çatmaq üçün həm psixoloji, həm də fiziki olaraq çox çalışmaq lazımdır. Təbii olaraq fiziki gücün bitən bir nöqtəsi olur, enerjin, qidan səni müəyyən yerə qədər apara bilir, amma o tükənəndə, çarəsiz qalanda səni zirvəyə məhz mənəvi gücün daşıyır. Ölkəmizdəki, eləcə də dünyanın müxtəlif yerlərindəki zirvələri fəth etdikcə Everest qəlbimə dolmağa başlamışdı. Ancaq heç ağlımda yox idi ki, Azərbaycanın o zirvəyə dırmanan ilk qadın vətəndaşı olum. Ümumiyyətlə, belə bir meyarın olduğunu bilmirdim. Ancaq bir dəfə sosial şəbəkədə sorğu keçirmişdilər ki, sizcə, Azərbaycanın Everesti fəth edən ilk alpinist qadın vətəndaşı kim olacaq? Onda mənə belə bir güclü duyğu hakim oldu ki, bu, məhz mən olacam. 

Hər il Nepalda müxtəlif  ölkələrdən Everestə qalxan qadın və kişilərin siyahısını təqdim edirlər. Dağçılardan biri də hər il bu siyahını paylaşaraq yazırdı ki, Azərbaycan qadınının qarşısında yenə də sıfır yazılıb. Mən isə hamıya deyirdim ki, o sıfırı mən pozacam, Azərbaycan qadınının adını həmin siyahıya yazacam. Bu il Azərbaycan dağçılıq tarixində ilk dəfə idi ki, Everest dağına qalxanların rəsmi icazə vərəqinin siyahısında Azərbaycan qadınının qarşısına "1" yazıldı. Bu məni həm həyəcanlandırdı, həm də məsuliyyətimi birə-min artırdı. Öz-özümə dedim ki, Vəfa, sıfırı bir elədin, indi bunu reallaşdırıb Azərbaycan bayrağını zirvədə dalğalandırmalısan. 

"Bu yolçuluq bir sınaq, özümlə döyüş idi" 

-  Everestdən əvvəl bələdçimlə birlikdə Cənubi Amerikadakı 6893 metr yüksəkliyi olan vulkanik dağ Oxos-del-Saladoya getdim. Bələdçim fiziki hazırlığıma - sürətimə, hündürlüklə olan reaksiyama və digər vacib məsələlərə baxdı və bütün bunlardan sonra dedi ki, artıq Evererstə getməyə hazırsan. Bütün ekspedisiya 35 gün sürdü, amma Everestə qalxmaq mənə 5 günə başa gəldi. Zirvəyə gedən yolda bələdçim  Nepalın məşhur dağçılar icmasından olan Dava Şerpa idi. Everest yolunda dörd kamp (düşərgə) qurulub. Mənim üçün ən çətin yolçuluq bir və ikinci düşərgə aralığında oldu. Çünki bu məsafəni oksigen balonundan istifadə etmədən çıxırsan. Oksigen olmadıqda əzələ, bədən  sözə baxmır. Sən də iplə dayanmadan aşağı enirsən,  yuxarı çıxırsan… Bu prosesdə bədən o qədər əziyyət çəkir ki, istər-istəməz öz-özünə deyirsən ki, ölsəm də canım qurtarsa. Amma özümü bu cür bədbinliyə qapılmağa qoymadım. Düşündüm ki, dünyanın dörd bir yanından insanlar öz ölkələrinin bayraqları ilə gəlib və necə ola bilər ki, Azərbaycan bayrağı o bayraqların sırasında Everestdə dalğalanmasın?! Buna görə də bütün qəlbimlə yaradana dua edirdim, Everestin özünə deyirdim ki, izin ver yolçuluğumu edim… Everestdə ən çətin hissə Xumbu buzlaq şəlaləsidir. Nəhəng buz kütlələri, dərin çatlar, gizli və açıq yarıqlar var. Onların arasından keçərkən qətiyyən qorxu hiss etmirdim.  Mənə elə gəlirdi ki, sanki bu yerlərdə dəfələrlə olmuşam, hər yerini əzbər tanıyıram. Buna görə sakitlik və inam içərisində irəliləyirdim. Bəlkə də bu, ona görə idi ki, onlarla alpinistlik filmi izləmişdim, bu yolçuluğu beynimdə yüz dəfələrlə canlandırmışdım... Zirvəyə çatmağıma az qalmış oksigenim tükəndi, özümü pis hiss etməyə başladım. İşarə ilə Şerpaya balonumu yoxlamasını dedim. O baxdı və üzündəki narahatlıq ifadəsindən anladım ki, nəsə qaydasında deyil. Mən huşumu itirmək üzrə olsam da özümü ələ aldım və ona əlimlə işarə etdim ki, hər şey yaxşıdır. Ehtiyat oksigen balonu qoşulan kimi enerjim yerinə qayıtdı və biz yolumuza davam etdik... Everest sözün həqiqi mənasında bir sınaq, döyüş, ölüm-dirim meydanıdır.  Mən orada olduğum müddətdə gözlərimin önündə dörd nəfər həyatını itirdi. Onlardan birinin halı pisləşdi, biri ipdən uçub getdi... Mən cənub tərəfdən dağa dırmanırdım. Tam zirvəyə çatanda donmuş və ipdən asılı qalmış bir alpinist gördüm. Təsəvvür edin ki, zirvəyə çatanda həmin alpinistin cansız bədəninin üzərindən adlayıb keçirsən. Onu da deyim ki, hətta zirvəyə çıxan yolda hansısa alpinistin köməyə ehtiyacı olduğunu görsən belə, sən heç bir kömək edə bilmirsən. Onu çarəsiz vəziyyətdə buraxıb getmək məcburiyyətində olursan... Everest orada insana  xatırladır ki, sənin burada köməyin elə ancaq özünə dəyər. Başa düşürsən ki, buradakı ilk işin özünü  qurtarmaqdır, kiməsə kömək etmək istəsən ikiniz də ölüb orada qalacaqsınız. Bu, müəmmalı, sonu bəlli olmayan yolçuluqdur. Zirvəyə gedirsən və hər an ölə biləcəyin gerçəkliyi ilə üz-üzəsən... Bu mənada Everest mənim üçün döyüş  meydançası idi - özümlə, fiziki gücümün hara qədər olduğu,  ruhumun məni hara qədər aparacağı, mənəvi gücümün hansı həddə olduğunu bilməyim üçün...  Bütün yolçuluğu özümlə danışa-danışa getdiyimə görə düşüncəmi, ağlımı, şüurumu itirmirdim. Çünki oksigensiz mühitdə beyninə ağıl oyunları gəlir, real olmayan şeylər görürsən, yanlış yola yönlənib uçuruma yuvarlana bilərsən. Həmin anda qalmaq, gerçək həyatdan qopmamaq üçün öz əlimdən tutur, özümlə söhbət edirdim ki, bunlar olmasın. Yəni dünyanın ən hündür zirvəsinə özümlə əl-ələ gedib gəlmişəm desəm, yanılmaram... Bütün bunlar Everestin gerçəklikləridir... Bu yolçuluq bir sınaq idi, buz, qar, 40-45 dərəcə şaxta, saatda 100-110 kilometr sürətlə əsən külək, keçdiyim təhlükəli nərdivanlar... Bu nərdivanlardan  kimisi yıxılırdı, kimisi onun üzərində qalırdı, kimisi keçirdi... 

"Bir bayraq bu qədərmi  zirvələrə yaraşar?!"

- Bütün çətinlikləri adlayaraq Himalayın, dünyanın ən nəhəng dağının sivri uclu zirvəsinə - Everestə qalxdım. Ətrafıma sadəcə bir dəfə baxa bildim. Gördüm ki, buludların üzərindəyəm, dörd tərəfim dağlarla əhatələnib. O qədər sakitlik idi ki, sadəcə nəfəsimin səsini eşidirdim. Bilirsiniz, bu ucalıqda insan yaradılışın gücünü hiss edir və düşünür ki, sən onunla deyilsənsə, heç kimsən. Orada olmağım, yaradılışın gücüdür, bunun başqa bir izahı yoxdur... Məni bürüyən bu qeyri-adi  hisslərdən, təsvirəgəlməz təbiət mənzərəsindən, dünyanın ən yüksək nöqtəsində olmağımın verdiyi həyəcandan elə bil ürəyimin sinəmdə böyüdüyünü hiss edirdim... Everestdə bayrağımızı çıxardım. Külək o qədər şiddətlə əsirdi ki, dayanmaq mümkün deyildi. Ancaq son dəfə gücümü toplayıb bayrağımızı başımın üzərində ikiəlli tutdum ki, Şerpa fotomuzu çəksin. Bu an bayrağımızın mavi hissəsinin səma ilə birləşdiyini gördüm. İlahi, bu necə gözəl mənzərə idi... Bir bayraq bu qədərmi gözəl olar?! Bir bayraq bu qədərmi zirvələrə yaraşar?! Bu əvəsiz  duyğu idi... 

Bilirsiniz, həmin an zirvədə dayanan Vəfa deyildi, mənsub olduğum xalqın, torpağın, bayrağın gücü də mənimlə birgə idi... Artıq missiyamı başa vurmuşdum və geri dönürdüm, amma bütün alpinistlər bilirlər ki, zirvədən  dönüş yolu daha çətin olur. Çünki bütün enerjin, qidan, suyun tükənir. Elə alpinistlər arasında ölüm də əksər vaxtlarda dönüş yolunda olur. Amma mən demək olar ki, Everesti fəth etməyin inanılmaz ruh yüksəkliyi içərisində idim deyə, dönüş yolunu, belə demək mümkündürsə, oynaya-gülə düşürdüm. Hətta Şerpa məndən arxada qalmışdı deyə onu gözləmək üçün bir az oturub dincəlməli olmuşdum. Bədənimdə də enerji azlığı var idi, qidalanmamışdım, o qədər yorğun idim ki, su götürüb içməyə belə taqətim qalmamışdı. Külək yerə təzə oturmuş qar dənəciklərini sovururdu və bu qar dənəcikləri üzümün açıq hissəsinə, qurumuş dodaqlarıma dəydikcə susuzluğum yatırdı. Buna görə gözlüyümü, maskamı çıxardım, çılpaq gözlə Günəşə baxdım, onun şüalarını gözümlə içimə çəkdim. İki-üç dəfə bunu təkrar etdim. İnanırsınız, elə bildim ki, su da içdim, çörək də yedim. Orada sanki təbiətlə, kainatla bütövləşdim. Elə bildim yenidən doğulmuşam, canıma can gəlib...  Elə buna görə də Everestdən dərhal sonra  Lhotze zirvəsinə çıxmağa da özümdə güc tapa bildim. 

Bu, Azərbaycanın bir gün ara ilə dünyanın ən hündür və dördüncü ən hündür iki zirvəsini - Everesti və Lhotzeni  fəth edən qadın vətəndaşı kimi adını ölkəmizin dağçılıq tarixinə qızıl hərflərlə yazdıran alpinist Vəfa Musayevanın uğur hekayəsi idi. O, cəmi səkkiz gün ərzində iki səkkiz mindən çox hündürlükdə bayrağımızı dalğalandırmaqla zərif Azərbaycan qadınının sarsılmaz iradəsinin, mənəvi və fiziki gücünün vəhdətinin nələrə qadir olduğunu, necə xarüqələr yaratdığını bir daha sübut etdi.

Vəfa xanım özü isə deyir: "Mənə elə gəlir ki, tarixə düşən mən yox, mənim ölkəmdir. Bu, azərbaycanlı qadının öz bayrağını dünyanın ən yüksək nöqtəsində dalğalandırdığı müstəsna an idi. Bu isə şəxsi uğurdan daha dəyərli bir hissdir".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
7
azerbaijan-news.az

1Mənbələr