AZ

Joze Mourinyo: “Bu gün məşqçi olmaq çox çətindir”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo müasir dövrdə məşqçilik peşəsinin məruz qaldğı dəyişikliklərdən söhbət açıb.

Arena.az “A Bola” dərgisinin “Canal 11” televiziyasına istinadı əsasında, 62 yaşlı portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu gün məşqçi olmaq daha çətindir. Haradasa çətindir, haradasa asandır. Oyunun özü dəyişib: məşqçilər qərargahının hazırlığı və ixtisaslaşması fərqli olublar. Əvvəllər mən məşqçi olduğunu deyərdim, indi isə həm də idarəçiyəm, bir özünüz təsəvvür edin ki, bu, necə bir işdir. Oyunçuların idmani təhsili, kütləvi informasiya vasitələri… Bu gün ən əsası – birinci dərəcəli ictimaiyyətlə əlaqələrə malik olmaqdır, çünki dünya təəssürata diqqət yetirir. Əvvəllər hesab edilirdi ki, kim çox qazanc götürürsə, ən yaxşı da odur, amma indi bu, belə deyil. İndi ən çox təəssürat yaratmış kəs ən yaxşıdır”, deyə “Mour” açıqlayıb.

Xatırladaq ki, Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

“Mour” karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nı çalışdırıb. Mourinyo sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Seçilən
43
arena.az

1Mənbələr