Yenidən qurulduqdan sonra Şuşanı, Laçını, Kəlbəcəri kim ziyarət etmək istəməyəcək ki...
Turizm səyahət etmək, əylənmək, yeni tanışlıq deməkdir. Ölkəmizdə turizmin təşkili ilin bütün fəsillərində heç bir mövsüm fərqi olmadan yüksək səviyyədə həyata keçirilir.
Yayın adamın nəfəsini kəsən bu qızmar günlərində Bakının gəzməli, görməli, mənzərəli və istirahət etməli ərazilərində, qədimliyi ilə müasirliyi özündə ehtiva edən küçə və prospektlərində geyimləri, davranışları, bir az da hər tikiliyə, hər abidəyə, hər gülə-çiçəyə maraq göstərmələri ilə dərhal diqqət çəkənlərə - Azərbaycanda dincəlməyə gələn, vaxtını, məzuniyyətini səmərəli keçirmək istəyənlərə daha tez-tez rast gəlmək olur.
Xatırladaq ki, cari ilin 6 ayında Azərbaycana 849 min 717 turist gəlib. Onların 60,44 faizini kişilər (513 min 551 nəfər), 39,56 faizini qadınlar (336 min 166 nəfər) təşkil edib. Kişi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8, qadın turistlərin sayı 70,5 faiz artıb.
Məlumdur ki, Azərbaycanla Çin arasında artıq viza rejimi yoxdur. O da məlumdur ki, Azərbaycan Cənubi Qafqazda zəngin tarixə və mədəni irsə malik ölkədir və bir çox çinli alimin və ictimaiyyət nümayəndəsinin Azərbaycanın tarixi haqqında müəyyən qədər anlayışı var. Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao iyulun 16-da iki ölkə arasında vizasız səyahət rejiminin qüvvəyə minməsini şərh edərkən demişdir: "Mən də daxil olmaqla, bir çox çinli bunu etməyə hazırdır. Mən Mərkəzi Asiya üzrə tədqiqatlar aparıram. Azərbaycana çoxdan səfər etməyi düşünürdüm. Elə bu viza siyasətindən faydalanmağı çox səbirsizliklə gözləyirəm və imkanım olanda Azərbaycana səfər etməyi və Bakını kəşf etməyi planlaşdırıram".
Azərbaycana gələn qonaqlar istirahət kurortlarına və dünya standartlarına uyğun hotellərə üstünlük verməklə yanaşı, çimərliklərdən, qumlu sahillərdən, günəşli havada gəzintidən, sağlamlıq turizmindən də üz çevirmirlər. Elə ona görədir ki, onlar yay mövsümünün bu "qəddar" günlərində regionlara da səfər edirlər. Amma bu vaxt daha çox paytaxta yaxın əraziləri seçirlər. Çünki yolda çox vaxt itirmək istəmirlər, axtardıqlarını Şamaxı, İsmayıllı və Qəbələ zonasında tapırlar. Bu regionlar həm paytaxta yaxındır, həm də turizm potensialı sarıdan yüksək səviyyədədir. Yəni təbiət qoynunda istirahət üçün bu bölgələrdə əlverişli şərait var.
Məlumdur ki, nəinki yay aylarında, ilin bütün fəsillərində Rusiyadan Azərbaycana istirahətə və müalicəyə gəlmək istəyənlər çox olur. Bu barədə Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) mətbuata açıqlamasında bildirib ki, Rusiya-Ukrayna arasında gedən müharibə və məlum hadisələr Rusiya turoperatorlarının işinə təsir etməyib. Birliyin yaydığı məlumata görə, rusiyalı turistlər Azərbaycanda özləri üçün hər hansı bir təhlükə hiss etmirlər. Yəqin bu səbəbdəndir ki, "Amigo-S" şirkətinin baş direktoru Sergey Velikadanov hələlik standart rejimdə işlədiklərini deyib. Onun həmkarı - "Delfin" şirkətinin baş direktoru Sergey Romaşkin isə bildirib ki, hazırda Azərbaycanda turistləri olmasa da, növbəti turist axınına hazırlıq görülür.
"Kimlərinsə səyahətdən imtina edəcəyini gözləmirik", - deyə şirkət rəhbəri qeyd edib.
Bakı və onun ətraf qəsəbələri, Xəzərsahili ərazilər, habelə Quba-Qusar regionu rusiyalı turistlərin ən çox sevdikləri ünvanlardır. Məsafə baxımından paytaxtdan nisbətən uzaq olsa da, Zaqatala, Balakən və Qax da turistlər üçün çox maraqlı bölgədır. İstirahət üçün həmin rayonları seçənlər qısamüddətli turlar üçün yox, uzun müddətə qalmaq üçün gedirlər.
Son illər Azərbaycanın daxili turizm imkanları çox genişlənib. Hazırda həftəsonları regionlardakı hotellərin doluluq səviyyəsi maksimum həddə olur. Turizm eksperti Ceyhun Aşurov mətbuata açıqlamasında bildirib ki, bölgələrə səfər edənlər əsasən turizm infrasturukturu tam qurulan, hoteli, restoranı və əyləncə yerləri səviyyəli olan ünvanlara üz tuturlar: "Bu səfərlər əsasən Qəbələ istiqamətinədir. Həmçinin Qubaya üstünlük verənlər az deyil. Son dövrlər cənub bölgəsinə, İsmayıllıya, Şəkiyə gedənlər də çoxalıb. Ümumiyyətlə, orta gediş məsafəsi maşınla 3 saata qədər olan yerlərə turistlər daha çox gedirlər".
Bunlardan əlavə, işğaldan azad olunmuş ərazilərimiz turistlərin ən çox görmək istədiyi istiqamətdir. Amma həmin ərazilərə vətəndaşlarımız ancaq onlayn qeydiyyatdan keçməklə gedə bilirlər. Səbəbi məlumdur. Buna baxmayaraq, Qarabağ və Şərqi Zəngəzura gedən turistlərin sayı sürətlə artır. Gələcəkdə isə bu artım daha çox olacaq. İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikdən sonra yenidən qurulan Şuşanı, Laçını, Kəlbəcəri kim görmək istəməz ki?!
Rəhman SALMANLI,
"Azərbaycan"