Masallının Heydər Əliyev parkında rayon icra hakimiy-yəti, Lənkəran-Astara
Regional Gənclər və İdman, eləcə də Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31
illiyinə həsr olunmuş II Regional Gənclər Festivalı keçirilmişdir.
Festivalda rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin
deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, media nümayəndələri və regionun gəncləri
iştirak etmişlər.
Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və
memarı, Ümummilli Lider Heydər Əliyevin
abidəsini ziyarət etdikdən sonra idmançıların nümunəvi çıxışlarına, Masallı Gənclər
Evi SXM-nin, Dövlət Rəsm Qalereyasının,
rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Əlil Sahibkarlar İctimai
Birliyinin, rayon Mərkəzi Kitabxana Sisteminin, Uşaq Gənclər İnkişaf Mərkəzinin,
Uşaq Gənclər Şahmat Məktəbinin stendləri ilə tanış olmuşlar.
Tədbiri açan RİH-in başçısı Araz Əhmədov bildirdi ki, Ulu Öndər gənclərə
həmişə böyük qayğı, sevgi ilə yanaşırdı: “Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi
gənclərin əlində olacaq. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər
Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş
etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin
siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram
hissi ilə xatırlayır”.
Natiq daha sonra söylədi ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu uğurlu gənclər siyasəti eyni ardıcıllıqla davam edir: “Biz tarixi hadisələrlə
zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər
müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə
hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən
siyasətin davamçısı cənab Prezident İlham Əliyevin liderliyi dayanır”.
Bu gün Azərbaycan gənclərinin cəmiyyətimizin fəal üzvləri olduğunu
bildirən A.Əhmədov dedi ki, biz haqlı olaraq gənclərimizlə fəxr edirik: “Bizim
gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşublar. Şəhidlərimizin böyük əksəriyyəti
gənclərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Sonra Milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional
Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək bildirdilər ki,
bütün gənclər Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada
nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə
irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyir.
Çıxışlardan sonra gənclər Heydər Əliyev Mərkəzində “Bizim maraq dairəmiz”,
Tarix-Diyarşünaslıq Muzeyində “Müasir peşələr və gənclik”, “Rəqəmsal gənclik”,
“Özünükəşf və nitqin inkişafı” mövzuları üzrə panel müzakirələrində iştirak
etmişlər.
Tədbir ASAN İntellektual Mərkəzində cənub gənclərinin “Gənclər düşünür”
intellektual yarışı ilə yekunlaşmışdır.
Seyran CAVADOV,
“Azərbaycan”