Keçmişini layiqincə öyrənmədən, onu düzgün dəyərləndirmədən, gərəkli nəticələr çıxarmadan gələcəyini qura bilməzsən. Çünki orada dünənimizin uğurları və uğursuzluqları, doğruları və yanlışları var.
Azərbaycan xalqının öz tarixini olduğu kimi öyrənməsinə əsrlərboyu maneələr yaradılıb. Məmləkətimizi işğal edənlər, sərvətlərini talayaraq daşıyıb aparanların bu xalqa vurduqları ən böyük zərbə də bu olub.
XX əsrin sonlarında sovet hökumətinin dağılması, Azərbaycanın dövlət müstəqilliyinə qovuşması qarşımızda yeni üfüqlər açdı. Arxivlərimizdə toz basmış qiymətli sənədlərlə, əlyazmaları ilə tanış olmaq imkanımız yarandı. Ancaq acı reallıq ortadaydı - əksəriyyətimiz onları oxumaq imkanından məhrum idik. Fərqli dövrlərdə Azərbaycanı işğal edən ərəblər, farslar, ruslar ölkəmizdə öz dillərinin üstün tutulmasına çalışmışlar. Tariximizi, necə deyərlər, oxuya bilməməyimizin ən böyük səbəbi isə Azərbaycanda aparılmış əlifba dəyişiklikləri olmuşdu. Azərbaycan xalqı zaman-zaman gah əski (ərəb), gah latın, gah da Kiril əlifbasında yazıb-oxumaq məcburiyyətində qaldığından arxivlərimizdə qorunan dəyərli materiallara əlimiz yetəndə də bu problemlə üzləşdik.
150 yaşını qeyd etdiyimiz Azərbaycan mətbuatının tarixini öyrənməyimizdə, XIX əsrin ikinci yarısından başlayaraq nəşr olunmuş qəzet və jurnallarımızın səhifələrində qalan, dövrünün siyasi, ictimai, mədəni mənzərəsini əks etdirən müxtəlif janrlı yazıların geniş oxucu kütlələrinə çatdırılmasında onların əski əlifba ilə qələmə alınması əngəl yaratdı. Həmin qəzet və jurnalların əski əlifbadan latın qrafikasına transliterasiya edilərək nəşr olunması yalnız həmin mətbu orqanlarla tanışlıq baxımından dəyərli deyil. O dövrə işıq tutmaq, Azərbaycanda, eləcə də dünyada baş verən mühüm hadisələri öyrənmək baxımından da əhəmiyyətlidir.
Bu baxımdan yaxın vaxtlarda Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında, British Petroleum (bp) şirkətinin dəstəyi ilə "Dirilik" məcmuəsinin transliterasiya edilmiş toplusunun MİMTA Yayımları tərəfindən nəşr edilməsi təqdirəlayiqdir. Məhz Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində işıq üzü görən bu toplu yubileyə layiqli töhfə, sanballı hədiyyədir.
Topluda qeyd olunub ki, daha öncə də mətbu irsimizin dəyərli nümunələrini bərpa və transliterasiya edən MİMTA Fondu öz imkanları hesabına bu tədqiqatı Azərbaycan milli mətbuatının 150 illiyinə qiyməli töhfə olaraq həyata keçirmişdir.
Toplunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğlu, layihə rəhbəri MİMTA icraçı direktorunun müavini Kənan Şəbiyevdir. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları - Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya olunub.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin topluya ön sözdə yazdığı kimi, müxtəlif vaxtlarda dəyərli müəllimimiz Şirməmməd Hüseynovun təşəbbüsü və yorulmaz əməyi sayəsində "Əkinçi", "Təkamül", "Tərəqqi", "İrşad", "Molla Nəsrəddin", "Azərbaycan", "Həqiqət", "Hilal-Əhmər", "Bakinskaya jizn", "Açıq söz", "Yeni iqbal", "Yeni Qafqasiya", "Qurtuluş", "Hümmət", "Bakı həyatı" kimi mətbu orqanlarda dərc olunmuş qiymətli yazılar əski əlifbadan latın qrafikasına transliterasiya edilərək müasir oxuculara çatdırılıb. Bu nəşrlərdə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə, Ceyhun Hacıbəyli kimi dahi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, publisistlərin və naşirlərin müxtəlif mövzularda qələmə aldıqları dərin məzmunlu yazılarının yer aldığını bildirən Rəşad Məcid diqqətə çatdırıb ki, bu məqalələr yalnız keçmişin deyil, həm də bu günümüzün və gələcəyimizin dəyərləndirilməsi baxımından misilsiz əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycan mətbuatı tarixində özünəməxsus izi olan "Dirilik" jurnalı 1914-cü il sentyabrın 16-dan 1916-cı ilin ortalarınadək fəaliyyət göstərib. XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat orqanlarımızdan biri olan "Dirilik" jurnalının ümumilikdə 28 sayı nəşr olunub. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 sayı işıq üzü görüb. Æurnalın sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. "Dirilik"də Məhəmməd Əmin Rəsulzadə, Kazımoğlu, Əbdülxalıq Cənnəti, Əli Səttarlı, Cəfər Cabbarlı və başqalarının yazıları dərc olunub. Azərbaycan türklərinin siyasi şüurunu formalaşdırmaq, onun milli varlığını qoruyub saxlamaq uğrunda mübarizədə birləşdirmək bu mətbu orqanın ən başlıca məqsəd və məramı idi. Æurnalın ilk sayında Əliabbas Müznibin "Məqsədimiz" adlı məqaləsi tarixə nəzər salır və xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa çağırırdı.
"Dirilik" məcmuəsinin transliterasiya edilmiş toplusunda da bildirildiyi kimi, jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib. "Dirilik" məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib. Toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar, ümumilikdə ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"