Xəstəxanada yaxın qohumuma səhv diaqnoz qoyulub və düzgün müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb. Belə halda məsuliyyət həkimin, yoxsa tibb müəssisəsinin üzərinə düşür? Bununla bağlı vətəndaş hara müraciət etməlidir?
Lətafət YƏHYAYEVA,
Bakı şəhəri
- Sualınızda qaldırdığınız məqamlar Azərbaycan Respublikası Konstitusiyasının 41-ci, Mülki Məcəllənin 1112-ci, Cinayət Məcəlləsinin 142-ci maddələri və "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunla tənzimlənir. Mülki Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Eyni zamanda Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq, şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə
1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyinin təhlili onu göstərir ki, xəstəxanada səhv diaqnoz qoyulması və düzgün müalicə aparılmaması nəticəsində xəstənin vəziyyətinin ağırlaşması halında məsuliyyət həm həkimin, həm də tibb müəssisəsinin üzərinə düşə bilər. Əgər səhv həkimin peşə borcunu səhlənkarlıqla yerinə yetirməsi, ehtiyatsızlıq və ya diqqətsizlik səbəbilə baş veribsə, o, mülki və ya cinayət məsuliyyəti daşıyır. Əgər səhv təşkilati səbəblərlə, yəni tibb müəssisəsinin işçilərə nəzarətsizliyi və ya qeyri-qənaətbəxş şəraiti nəticəsində baş veribsə, bu zaman məsuliyyət müəssisənin üzərinə düşür. Belə halda vətəndaş əvvəlcə xəstəxana rəhbərliyinə yazılı şikayət etməli, nəticə əldə olunmadıqda isə Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər. Sağlamlığa dəyən zərərə görə kompensasiya tələbi ilə mülki məhkəmədə iddia qaldırmaq da mümkündür.
***
Növbəli iş rejimi ilə bağlı aşağıdakı sualların cavabını bilmək istəyirəm:
İş yerində növbə cədvəli hansı qaydada tərtib olunmalıdır?
İşəgötürən işçiyə növbə dəyişikliyi barədə nə qədər əvvəl məlumat verməlidir?
İşçinin razılığı olmadan növbə cədvəlində dəyişiklik etmək mümkündürmü?
Növbəli iş rejimində iş saatları və istirahət vaxtları necə tənzimlənir?
Aysun BƏDƏLOVA,
Quba rayonu
- Əmək Məcəlləsinin 95 və 103-cü maddələrinə əsasən, iş yeri üzrə sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə qaydaları müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Növbə cədvəlləri işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməlidir.
Sualınızda qeyd olunan məsələlərlə bağlı bildiririk ki, növbə dəyişikliyi mütəmadi davamlı xarakter daşıyırsa, bu zaman işçinin əmək müqaviləsinin 4.21-ci bəndinə müvafiq dəyişiklik edilir və bu dəyişiklik tərəflərin razılığı ilə edildiyi üçün işçi bu barədə əvvəlcədən məlumatlandırılmış olur. Növbə dəyişikliyi barədə işçinin razılığının alınması məsələsinə gəldikdə isə, bu məsələ də əmək müqaviləsinin şərtləri və işçinin əmək müqaviləsinə dəyişikliyi imzası ilə təsdiqləməsi ilə tənzimləndiyindən bu barədə işçinin razılığı olmadan dəyişiklik edilməsi bir qayda olaraq qadağandır. Bununla bərabər, növbə dəyişikliyi əmək şəraitinin dəyişdirilməsi kimi xarakterizə olunmalıdır. Bu halda Məcəllənin 56-cı maddəsinə müvafiq, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Bu zaman işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı 1 ay əvvəl işçini yazılı məlumatı ilə xəbərdar etməlidir. Nəticə etibarilə növbə dəyişikliyinə işçinin razılığının alınması vacibdir.
Növbəli iş rejimində iş saatları və istirahət vaxtı ilə bağlı bildiririk ki, Əmək Məcəlləsinin 96-cı maddəsinə görə, iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarından çox olmamalıdır. Gündəlik işin (növbənin) müddəti adətən 8 saat təşkil edir, lakin zəruri hallarda bu müddət hər növbə üçün 12 saatdan çox ola bilməz.
Məcəllənin 103-cü maddəsinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü