AZ

Sam Altmandan "ChatGPT" istifadəçilərinə xəbərdarlıq - Şəxsi məlumatlar ifşa oluna bilər

“OpenAI” şirkətinin baş direktoru Sem Altman "ChatGPT"ni dost və ya terapevt kimi istifadə edənlərə ciddi xəbərdarlıq edib. 

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, süni intellektlə edilən şəxsi söhbətlər hüquqi baxımdan "gizli məlumat" hesab olunmur və müəyyən hallarda ifşa edilə bilər.

Altman bu fikirləri “Theo Von”un podkast proqramında səsləndirib. O bildirib ki, xüsusilə gənclər şəxsi münasibətlər və həyat qərarları ilə bağlı məsələlərdə "ChatGPT"ni bir terapevt kimi istifadə edirlər. Lakin hüquqi sistemdə bu söhbətlər həkim-pasiyent və ya vəkil-müştəri münasibətləri kimi qorunmur. “Bir terapevtə və ya vəkilə danışdığınızda hansı hüquqi müdafiə varsa, bu, “ChatGPT” üçün keçərli deyil”, – deyə o qeyd edib.

Altman bu vəziyyəti “əyrilik” adlandıraraq süni intellektlə edilən yazışmaların da hüquqi məxfiliyinin təmin edilməli olduğunu vurğulayıb. O bildirib ki, məhkəmə tələb edərsə, "OpenAI" istifadəçi yazışmalarını təqdim etmək məcburiyyətində qala bilər.

Hazırda “OpenAI” “New York Times"la davam edən məhkəmə çəkişməsində istifadəçi söhbətlərinin təqdim olunması ilə bağlı qərara etiraz edir. Şirkət bu tələbə rəsmi açıqlamasında “həddindən artıq” adlandıraraq narahatlıq ifadə edib. Əgər bu qərar qəbul olunarsa, gələcəkdə bənzər hüquqi tələblərin artacağı ehtimal olunur.

Bu hadisə ABŞ-də rəqəmsal məxfilik mövzusunda müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə “Roe v. Wade" qərarının ləğvindən sonra bir çox qadın şəxsi məlumatlarını daha etibarlı tətbiqlərdə saxlamağa üstünlük verir. Bu səbəbdən istifadəçilərin də “ChatGPT” və digər süni intellekt vasitələrindən istifadə etməzdən öncə məlumat məxfiliyi ilə bağlı daha diqqətli davranmaları tövsiyə olunur.

Seçilən
81
valyuta.az

1Mənbələr