AZ

Rusiya Ukraynanın bir sıra bölgələrini vurdu: Ölənlər var

​BAKI, 27 iyul. TELEQRAF

Rusiya qüvvələri Ukraynaya növbəti dəfə zərbələr endirib. Hücumlar nəticəsində yaralılar və genişmiqyaslı dağıntılar barədə məlumatlar daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Telegram kanalında bildirib ki, axşamdan etibarən ruslar vilayətin iki rayonuna hücum ediblər:

"Nikopol rayonuna ağır artilleriya və "Qrad" reaktiv yaylım atəşi sistemlərindən atəş açılıb. Həmçinin FPV-dronlar göndərilib və PUA-lardan sursat atılıb. Rayon mərkəzi və Marqanets icması zərər görüb".

Onun sözlərinə görə, yaşayış məntəqələrində beş fərdi ev və elektrik xətti zədələnib. Hücum nəticəsində 47 və 60 yaşlı iki kişi, 40 və 58 yaşlı iki qadın olmaqla dörd nəfər xəsarət alıb. Yaralılar həkim nəzarəti altındadır.

Sinelnikovo rayonunda isə Velikomixaylovskaya və Mejovskaya icmaları dronlarla vurulub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Zərər görənlər arasında infrastruktur obyektləri və yerli sakinlərin evləri var.

Gecə Poltava ərazisində hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərib. Kremençuk və Poltava rayonlarında düşmən PUA-larının qalıqlarının düşməsi nəticəsində dörd fərdi ev və üç təsərrüfat tikilisi zədələnib. Xəsarət alan olmayıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Xarkov vilayəti yenidən PUA-larının hücumuna məruz qalıb. Gecə Rusiya qoşunları Xarkova və şəhərətrafı ərazilərə PUA-larla hücum ediblər.

Məlumata görə, Xarkovda vətəndaş müəssisəsi və bir fərdi ev, Xarkov rayonunda isə istehsal-təsərrüfat binası zədələnib. Bütün yanğınlar Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri tərəfindən söndürülüb. Qurbanlar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Sumı Vilayət Hərbi Administrasiyası iyulun 27-si səhər saatlarına olan təhlükəsizlik vəziyyəti ilə bağlı məlumat verərək bildirib ki, vilayət ərazisinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində yaralılar var.

"Qluxov icmasında PUA zərbəsi nəticəsində 1977-ci il təvəllüdlü bir qadın yaralanıb. Sumı icmasında isə PUA zərbəsi nəticəsində üç mülki şəxs xəsarət alıb. Hamısı xəstəxanalara çatdırılıb, həkimlər müayinə aparır və lazımi yardımı göstərirlər. Zərərçəkənlərdən biri – 43 yaşlı kişi orta ağır vəziyyətdədir," – məlumatda qeyd olunur.

Bundan əlavə, Yesmanskaya icmasının ərazisində minaya düşməsi nəticəsində 56 və 50 yaşlı iki kişi həyatını itirib. Vilayət Hərbi Administrasiyası vurğulayıb ki, iyulun 26-sı səhərdən iyulun 27-si səhərə qədər Rusiya qoşunları vilayətin 13 ərazi icmasında yerləşən 33 yaşayış məntəqəsinə qarşı demək olar ki, 70 dəfə atəş açıblar.

Xerson Vilayət Hərbi Administrasiyası isə bildirib ki, Dneprovski rayonunda Rusiya ordusu dronla Xerson sakininə hücum edib. "PUA-dan partlayıcı maddənin atılması nəticəsində 55 yaşlı kişi yaralanıb. O, mina-partlayış travması və qolunun qəlpə yarası alıb. Həkimlər yaralını müayinə edirlər."

Daha sonra Xerson Vilayət Hərbi Administrasiyası Belozyorka sakininin də səhər Rusiya atəşi nəticəsində xəstəxanaya müraciət etdiyini bildirib. "Hücum zamanı 58 yaşlı kişi həyətdə olub. Ondan mina-partlayış və kəllə-beyin travması, beyin silkələnməsi, eləcə də boyun qəlpə yarası diaqnoz edilib." Bundan əlavə, 58 yaşlı qadının da mina-partlayış travması, beyin silkələnməsi, kontuziya və ayaqlarının qəlpə yaraları aldığı qeyd edilib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov iyulun 27-də Stepnohorskda Rusiyanın dağıtdığı evin xarabalıqları arasında iki nəfərin cəsədinin tapıldığını bəyan edib.

O yazıb: "Dünən düşmən cəbhəyanı qəsəbəyə reaktiv yaylım atəşi sistemlərindən zərbə endirib. Zərbə nəticəsində fərdi ev dağılıb, yanğın baş verib. 74 yaşlı qadın və 66 yaşlı kişi həyatını itirib."

Seçilən
8
teleqraf.com

1Mənbələr