BAKI, 27 iyul. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və vətəndaşların dəstəklədiyi müstəqil, prinsipial xarici siyasət yürütməyə davam edəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu fikirləri Belqradda yardım mərkəzinin açılışı zamanı səsləndirib.
Vuçiç ölkənin Avropa inteqrasiyası naziri Nemanya Staroviçin Avstriya agentliyinə verdiyi və Serbiyanın Avropa İttifaqına üzv olduqdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyi barədə açıqlamasını da şərh edib. O bildirib ki, nazir fikrini ehtiyatsız ifadə edib və bu sözlər Serbiyanın rəsmi mövqeyini əks etdirmir:
"Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək."
Vuçiç əlavə edib ki, Serbiyanın siyasəti prinsipə əsaslanır və bu siyasət nə Qərbdə, nə də Şərqdə bəyənilsə də, Serbiya vətəndaşları tərəfindən dəstəklənir.
Prezident həmçinin bildirib ki, Serbiya 1 iyuldan etibarən heç bir silah ixrac etməyib və bununla da hərbi münaqişələrin alovlanmasında iştirak etmədiyini nümayiş etdirir. O, bu qərarın müdafiə sənayesi üçün çətinlik yaratdığını etiraf etsə də, Serbiyanın heç bir xarici güc tərəfindən alətə çevrilməsinə imkan verməyəcəklərini bildirib.