BAKI, 27 iyul. TELEQRAF
Tayland və Kamboca liderləri Phumtam Veçayaçay və Hun Manet iyulun 24-də iki ölkə sərhədində hərbçilər arasında baş verən silahlı toqquşmalardan sonra Bazar ertəsi günü Malayziyada danışıqlar keçirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Naziri Mohamad Həsən məlumat verib.
"Həm Taylandın, həm də Kambocanın xarici işlər nazirləri ilə danışmaq imkanım oldu. Onlar bu məsələyə başqa heç bir ölkənin qarışmamalı olduğu ilə razılaşdılar. Onlar Malayziyaya tam güvənirlər və məndən vasitəçilik etməyimi xahiş etdilər", - nazir bildirib.
Mohamad Həsən əlavə edib ki, ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparacaq, çünki ABŞ vasitəçilik etməyə hazır olduğunu bildirib:
"Lakin hesab edirəm ki, əvvəlcə Malayziya vasitəçilik etsə, daha yaxşı olar, çünki bu, ASEAN-ın daxili işidir və ASEAN-ın sədri kimi Malayziya bu rolu oynamalıdır."
Qeyd edək ki, Kamboca və Tayland arasında münasibətlər mayın 28-də baş verən silahlı insidentdən sonra sürətlə pisləşməyə başlayıb. Həmin insident zamanı Tayland əsgərləri Kambocanın Preah Vihear əyaləti ilə Taylandın Ubon Ratçatani əyaləti arasında yerləşən mübahisəli ərazidəki Phong rayonunun Teço Morokot kəndində Kamboca hərbi postuna atəş açıblar. Nəticədə bir Kamboca hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb.
İyulun 24-də isə iki ölkənin sərhəd bölgələrində – Mamley, eləcə də Tamuanthom, Tamuantauç və Takrabey məbədlərinin ətrafında yeni silahlı toqquşmalar baş verib. Bu ərazilərin mənsubiyyəti məsələsi ilə bağlı Kamboca 2025-ci ilin iyun ayının əvvəlində hüquqi həll üçün BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Tayland isə Kambocanın bu addımı ilə razılaşmadığını bildirib.