AZ

İsrail ordusu Qəzzaya humanitar yardım aparan gəmini ələ keçirdi

​BAKI, 27 iyul. TELEQRAF

İsrail hərbçiləri “Azadlıq Donanması” beynəlxalq təşəbbüsü çərçivəsində Qəzza zolağına humanitar yardım aparan “Handala” gəmisini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Times Now" məlumat yayıb.

Bildirilib ki, gəmi və onun heyəti beynəlxalq sularda ələ keçirilib və daha sonra İsrailin Aşdod limanına aparılıb.

İsrail Xarici İşlər Nazirliyi məlumat verib ki, gəmidə olan 21 sərnişin təhlükəsiz vəziyyətdədir və onların deportasiyasına hazırlıq gedir.

Qeyd edək ki, bundan əvvəl – iyunun 9-da – İsrail ordusu “Azadlıq Donanması” koalisiyasının tərkibində Qəzza sahillərinə doğru irəliləyən “Madleen” gəmisini də saxlamışdı. Gəmidə ekofəal Qreta Tunberq də daxil olmaqla Fransa, Türkiyə, Braziliya və İsveçdən olan 12 fəal var idi. Təşəbbüs nümayəndələri bildirmişdi ki, gəmi beynəlxalq sularda saxlanılıb və bəzi könüllülər “qaçırılıb”.

Saxlanılanlar arasında ekoloji fəal Qreta Tunberqlə yanaşı, fransız vətəndaşları Reva Viar və Yanis Mamdi, türkiyəli Suayb Ordu və braziliyalı Tyaqo Avila da olub.

Xatırladaq ki, daha əvvəl ispan fəal İsrailin baş naziri Benyamin Netanyahunu “Madleen” gəmisinin ələ keçirilməsi ilə bağlı BMT-yə şikayət etmişdi.

Seçilən
36
teleqraf.com

1Mənbələr