Ramanada xuliqanlıq niyyəti ilə Xəyal Nağıyevi qətlə yetirən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, qətli törədən Elcan 10 il müddətinə azadlıqdan məhrum edilib.
Referans xəbər verir ki, qətlə yetirilən Xəyalın 19 yaşı olub.
Onu qətlə yetirən Elcan Süleymanovun isə 16 yaşı var imiş.
Elcan Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə araşdırılıb.
Mərhumun atası Əbülfət Nağıyev bir neçə gün əvvəl Musavat.com-a açıqlamasında araşdırmanın nəticəsi ilə bağlı narazılığını bildirmişdi.
Ə.Nağıyev qeyd etmişdi ki, əllərində olan videogörüntüləri məhkəməyə təqdim etmək istəsələr də, hakim qəbul etməyib.
Mərhumun atası işin ədalətli araşdırılmasını istəyirdi:
“Videodan da görünür ki, Elcan marketə Xəyalı öldürməyə gəlir. Üzərində də bıçaq gətirir və marketə çatmamışdan bıçağı çıxararaq köynəyinin altına qoyur. Sonra marketə girərək Xəyala əl verərək görüşür. Xəyalın yanında iş yoldaşı da olur. Elcan salam verəndən sonra Xəyalla mübahisə etməyə başlayır və onlar çölə çıxırlar.
Görüntülərdən də aydın olur ki, Elcan onları sakitləşdirmək istəyən digər mağaza işçisinin üstünə gedərək ona da hədə-qorxu gəlir. Anidən bıçağı çıxararaq sərt şəkildə Xəyalın ürək nahiyəsindən vurur”.
Əbülfət Nağıyev əlavə edirdi ki, həbs edilən Elcan məhkəmədə guya hadisədən sonra peşman olduğunu, Xəyala kömək etdiyini də deyib:
“Təbii ki, yalandır. Videodan da görünür ki, Xəyal bıçaq zərbəsi alandan sonra marketə girir və yerə yıxılır. Elcan Xəyalın yanına gələrək başının üstündə dayanır. Heç kimin yaxın gəlməsinə imkan vermir. İnsanlar da qorxaraq uzaqlaşır. Elcan yaralı olan Xəyala təpiklə də zərbə vurur. Bunu edən adam kömək etmiş olur?”
Hadisədən əvvəl nə baş verib?
Əbülfət Nağıyev bildirirdi ki, qətl hadisəsindən 10 gün əvvəl Elcan qardaşı ilə marketə gəlib. Onlar alış-veriş edən zaman 50 qəpik borclu qalıblar. Xəyal 50 qəpiyi istəyəndə mübahisə yaranıb:
“Xəyal deyib ki, 50 qəpiyi vermək lazımdır. Elcanın qardaşı Xəyala söyüş söyüb, verməyəcəyini deyib. Mübahisədən sonra pulu çıxarıb Xəyalın üzünə atıb. Onları sakitləşdirəndə çıxıb gediblər. Bir gün sonra yenə marketə gəlib Xəyalla mübahisə ediblər. Marketdən zəng vurub Xəyalın qardaşını çağırıblar. Xəyalın qardaşı - böyük oğlum marketə gedəndə Elcanın qardaşı onlara bıçaq çəkib. Yenə də onların mübahisəsini sakitləşdiriblər. Ondan sonra Elcan marketə tək gəlib və Xəyalı bıçaqla vurub. Göründüyü kimi, ilk gündən bu hadisənin baş veməsinin günahkarı Elcan və qardaşı olub”.
Mərhumun atası iddia edirdi ki, məhkəmədən sonra Elcanın ailə üzvləri onları hədələyir:
“Bizə deyirlər ki, ikinci oğlunuzu da öldürərik. Biz ədalətli cəza gözləyirik. Elcana 16 yaşı olduğu üçün güzəşt ediləcəyi deyilir. Amma biz buna razı ola bilmərik. Görüntüdən də aydın olur ki, Elcan fiziki olaraq Xəyaldan üstündür. Əgər onu cəzalandırmaq istəsəydi, vurardı, döyərdi. Amma bu adamın marketə gəlməkdə konkret fikri Xəyalı öldürmək olub. 16 yaşında bir adam başqa birini öldürəcək qədər necə qəddar ola bilər? Bu adamı az bir cəza ilə azadlığa buraxmaq olar? Xüsusi amansızlıqla, xuliqanlıqla oğlumu öldürüb. Görüntülərdən də aydın olur ki, başının üstündə dayanaraq ölməsini gözləyib”.
Xəyalın qətlinin görüntülərini təqdim edirik. Həssas insanların görüntülərə baxması məsləhət deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta