Braziliyanın “Flamenqo” klubu İtaliyanın “Milan” komandasında çıxış edən sağ cinah müdafiəçisi Emersonun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,braziliyalı futbolçu ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalanıb. Müqavilədə daha bir illik uzatma opsiyası da yer alır.
Bu transfer üçün Braziliya klubu “Milan”a 9 milyon avro ödəyib.
Xatırladaq ki, daha əvvəl mediada Emersonun icarə əsasında “Beşiktaş”a keçməyə yaxın olduğu bildirilirdi. Lakin “Flamenqo” danışıqlara müdaxilə edərək oyunçunu transfer etməyə nail olub.
Qeyd edək ki, Emerson “Milan”a 2023-cü ilin yayında İngiltərənin “Tottenhem” klubundan 15 milyon avroya transfer olunmuşdu. Təcrübəli müdafiəçi daha əvvəl “Barselona”, “Betis” və “Atletiko Mineyro” kimi klublarda da çıxış edib.