Sərnişinlər Suraxanı qəsəbəsi - "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən 66 nömrəli müntəzəm marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
"Xəzər Xəbər"ə müraciət edən sərnişinlər avtobusların köhnə olduğunu, dayanacağa gec gəldiyini bildiriblər.
Xezerxeber.az-ın məlumatına görə, onlar həmçinin bildiriblər ki, avtobuslar tez-tez xarab olur, sərnişinlər yolda qalır, kondisonerlər isə işləmir.
Sərnişinlər xüsusilə isti havalarda vəziyyətin dözülməz olduğunu deyirlər.
Odur ki, sərnişinlər avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər.
Qeyd edək ki, 66 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı "Çinar Trans" MMC-dir. MMC-dən sakinlərin şikayəti ilə bağlı bildirildi ki, hazırda istismarda olan avtobusların bir qismi köhnə olsa da, onların yaxın müddətdə mərhələli şəkildə yenilənməsi planlaşdırılıb.
“Yeni nəqliyyat vasitələri müasir standartlara uyğun olmaqla, həm ekoloji baxımdan təmiz, həm də əlçatan olacaq. Bundan əlavə, 66 nömrəli marşrut xəttinin hərəkət intervalı daha da azaldılacaq",-deyə şirkətdən bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.