Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində XVIII Avropa Gənclər Olimpiya Festivalında (EYOF) əldə edilən nailiyyətlər münasibətilə Azərbaycan idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini təbrik edib.
MOK-un mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, vitse prezident bildirib ki, Azərbaycan idmanın və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb:
"EYOF-da yarışlarda iştirak edən ölkəmizin gənc idmançıları hər zaman uğurlu nəticələr ilə fərqlənib. Bu gün vətənə qayıtmağa hazırlaşan Azərbaycan komandası Olimpiya festivalında 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub. Olimpiya festivalında iştirak edən idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini bu yüksək nəticəyə görə təbrik edirəm. İnanıram ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaq, dünyanın idman arenalarında bayrağımızı qaldırıb dövlət himnimizin səsləndirilməsinə nail olacaqlar".
Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək keçirilmiş bütün Avropa Gənclər Olimpiya Festivalında 99 medal (35 qızıl, 29 gümüş, 35 bürünc) qazanıblar.