AZ

"Avstriya neytral statusdan imtina edə bilər, səbəb - Rusiya təhlükəsidir" - "Deutsche Welle"

"Biz təkcə neytrallığa güvənə bilmərik, Rusiya daha da aqressivləşir və qlobal təhlükəsizlik qeyri-müəyyəndir..."
 
Avstriya rəhbərliyi ölkənin neytral statusundan imtina etməyə və NATO-ya üzvlüyü açıq şəkildə müzakirəyə çıxarmağa hazırdır.
 
Moderator.az xəbər verir ki, bu badədə ölkənin xarici işlər naziri Beate Maynl-Rayzinger Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibəsində bəyan edib.
 
O, qeyd edib ki, buna səbəb isə Rusiyanın getdikcə artan aqressiv siyasətidir. Maynl-Rayzinger hesab edir ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində sadəcə neytral qalmaq Avstriyanı müdafiə etmək üçün yetərli deyil:
 
"Aydındır ki, təkcə neytrallığa güvənə bilmərik. Rusiya daha da aqressivləşir və qlobal təhlükəsizlik günü-gündən daha qeyri-müəyyən olur. Belə bir şəraitdə Avstriyanı yalnız müdafiə qabiliyyətinə edilən sərmayə və tərəfdaşlıqlar qoruyur".
 
Nazir əlavə edib ki, NATO-ya üzvlüklə bağlı parlamentdə və əhali arasında hələlik çoxluq olmasa da, bu məsələ ətrafında açıq ictimai debatın aparılması faydalı ola bilər.
 
Rusiya: Avstriya neytrallıq prinsipini pozur
 
Avstriya 1955-ci ildə, müttəfiq qüvvələrin, o cümlədən SSRİ-nin ölkədən çıxmasından sonra neytral status qəbul edib. Bu prinsip konstitusiyada da təsbit olunub. NATO üzvü olmasa da, Avstriya Alyansla "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Avstriyanı neytrallıq prinsiplərini pozmaqda ittiham edir.
 
Onun sözlərinə görə, Vyana Qərbin Rusiyaya qarşı düşmən siyasətini dəstəkləməklə "bitərəf mövqeyindən imtina edib". Zaxarova bu fikirləri ilk dəfə 2023-cü ilin mayında səsləndirib, 2025-ci ilin iyulunda isə bir daha təkrar edərək, Avstriya ərazisindən Ukraynaya silah tranzitinin davam etdiyini bildirib.
 
"Putinin vaxtı azdır, Rusiya tab gətirə bilməyəcək"
 
Maynl-Rayzinger mart ayında Ukraynaya səfər edərək rəsmi Kiyevə dəstəyini bildirib. "Die Welt"in "Rusiyanın bu müharibədə üstünlüyü varmı?" sualına isə o, belə cavab verib: "Buna əmin deyiləm. Rusiya böyük itkilər verir. Bir anda ölkə tab gətirə bilməyəcək qədər tabutlarla dolacaq. Bütün bunlara dağıdıcı iqtisadi vəziyyəti də əlavə edin. Kreml bu savaşı davam etdirməkdə getdikcə daha çox çətinlik çəkir. Putin anlayır ki, vaxtı məhduddur. Məhz buna görə bu qədər qəddarlıqla döyüşür".
 
"Tramp Putinə Krımı hədiyyə etdi"
 
Nazirin sözlərinə görə, münaqişəni yalnız bir tərəf istəyir: "Ukrayna sülh istəyir, Rusiya isə yox. Əgər Putin həqiqətən atəşkəsə maraqlı olsaydı, bunu dərhal müzakirə etməyə başlayardı".
 
O, ABŞ prezidenti Donald Trampı da sərt tənqid edib: "Tramp Krımı və Ukraynanın bir neçə şərq bölgəsini Putinə demək olar ki, gümüş nimçədə hədiyyə edib. Bundan əlavə, Ukraynanın NATO-ya üzvlük imkanını da istisna edib. Bəs Putin nə edib? Bütün ölkə boyu dağıdıcı müharibəni davam etdirib".
 
Avstriyanın xarici siyasətində yeni tonlar, görünür, Rusiyaya qarşı sərt mövqenin formalaşdığını göstərir. Neytrallığın artıq kifayət etmədiyi fikri isə Vyanada daha açıq səslənməyə başlayır.
Seçilən
42
moderator.az

1Mənbələr