AZ

"Ukraynaya süni intellektli pilotsuz sistemlər: cəbhədə texnoloji sıçrayış" - "Financial Times"

"Dronlar artıq təkcə uçmayacaq, həm də düşünüb qərar verəcək..."
 
2025-ci ilin sonunadək Ukrayna "Auterion" amerikalı-alman şirkətindən 33 min ədəd süni intellektlə təchiz olunmuş pilotsuz zərbə sistemi alacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu, indiyədək tək bir müqavilə çərçivəsində göndərilən ən böyük texnoloji hərbi dəstəklərdən biri olacaq. Şirkətin rəhbəri Lorens Mayer nəşrə verdiyi müsahibədə bildirib ki, bu müqavilənin dəyəri 50 milyon dollar təşkil edir və ABŞ Müdafiə Nazirliyi ilə birbaşa razılaşma əsasında həyata keçirilir. "Əvvəllər biz minlərlə belə sistem göndərmişdik, indi isə on minlərlə göndəririk. Bu, müharibə texnologiyasında yeni mərhələnin başlanğıcıdır", - Mayer qeyd edib.
 
Dronlar artıq təkcə uçmur, onlar düşünür və qərar verir
 
Göndəriləcək sistemlər "Skynode" adlanan mini kompüterlərdir. Onlar üzərində "Auterion"un xüsusi proqram təminatı qurulub və hər biri kamera, radiomodul və süni intellekt alqoritmləri ilə təchiz olunub. Bu sistemlər adi dronları qısa zamanda avtonom döyüş platformalarına çevirir. Onlar elektron siqnalların qarışdırılmasına qarşı davamlıdır və bir kilometrə qədər məsafədə hədəfi təqib edə bilir.
 
Mayerin sözlərinə görə, süni intellektlə təchiz olunmuş bu sistemlər "rəqibin hücum dalğasını əvvəldən aşkar edib neytrallaşdıra bilir, dron sürüləri isə bir-birilə əlaqə saxlayaraq koordinasiyalı zərbələr endirə bilir". Bu texnologiya, həmçinin, pilotsuz aparatlar arasında real vaxtda məlumat paylaşımı və birlikdə hücum imkanlarını təmin edir, bu da "dronlarla müharibədə növbəti təkamül mərhələsi" sayılır.
 
Rusiyanın dron yağışı və Ukraynanın cavabı
 
Ukrayna bu sistemləri Rusiya tərəfindən həyata keçirilən intensiv dron hücumlarına cavab olaraq alır. Xüsusilə son həftələrdə Rusiya qüvvələri İrandan alınan "Shahed" tipli yüzlərlə dronu eyni anda istifadə edərək Ukraynanın hava hücumundan müdafiə sistemlərini aşmağa çalışır.
 
Dron sürüləri ilə həyata keçirilən bu kütləvi hücumlar Ukrayna üçün ciddi təhlükə yaratmağa başlayıb. Yeni alınacaq texnologiyalar bu təhlükəyə cavab vermək üçün nəzərdə tutulub və artıq bəzi Ukrayna dronlarında "Auterion" proqram təminatının sınaq versiyası istifadə olunur. Lakin bu dəfəki partiya miqyas baxımından əvvəlkiləri onqat üstələyir.
 
Müqavilə Zelenski-Tramp dron anlaşmasına aid deyil
 
Qeyd edək ki, bu silah təchizatı paketi prezident Vladimir Zelenskinin ötən həftə açıqladığı ABŞ-Ukrayna arasında "dronlar üzrə mega müqavilə"yə daxil deyil. Bu, ABŞ hökumətinin ayrıca təhlükəsizlik yardımı çərçivəsində həyata keçirilən bir proqramdır. "Auterion"-un verdiyi texnologiya Ukraynanın döyüş meydanında təkcə müdafiəni deyil, hücumu da daha çevik, ağıllı və ölümcül hala gətirə bilər. Bu, müasir müharibənin yeni mərhələsidir, burada qərarı insan deyil, süni intellekt verir.
Seçilən
17
moderator.az

1Mənbələr