BAKI, 28 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makronun Parisin Fələstin dövlətini tanıyacağı barədə bəyanatından sonra Fransanın İsraildəki səfirinin müavini Mişel Qriffo bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf “The Time of Israel”ə istinadən xəbər verir ki, səfir müavini ilə görüş zamanı İsrail XİN-in baş direktoru Eden Bar-Tal Fransanın İsrailə ən çətin vaxtında zərər vermək qərarına gəldiyini bildirib.
O, həmçinin Fransanı HƏMAS qruplaşması ilə girovların azad edilməsi mövzusunda, eləcə də Fələstinlə gələcək danışıqları pozmaqda ittiham edib.
"Fransanın İsrailin təhlükəsizliyi üçün nəyin doğru olduğunu İsrailin demokratik yolla seçilmiş hökumətinin deyil, özünün müəyyən etdiyini nəzərdə tutan bəyanatları, İsrailin suverenliyinə zərər verən əsassız təkəbbürü əks etdirir", - Bar-Tal əlavə edib.
Onun sözlərinə görə, Makronun belə bir addım üçün Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın məktubuna istinad etməsi riyakarlıqdır.