AZ

ABŞ VƏ Aİ REKORD TİCARƏT SAZİŞİ İMZALAYIB » AzadMedia.az

ABŞ


Birləşmiş Ştatlar və Avropa İttifaqı, iyulun 27-də Şotlandiyanın Turnberi şəhərində keçirilən sammit çərçivəsində iqtisadi və siyasi əhəmiyyətinə görə tarixə düşəcək ticarət sazişi imzalayıb. ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında baş tutan danışıqlar nəticəsində tərəflər 1.7 trilyon dollarlıq ticarət dövriyyəsini əhatə edən yeni çərçivə razılaşmasına imza atıblar.

Danışıqlar öncəsi Tramp Aİ ilə münasibətlərin illərdir "bir tərəfli və ədalətsiz" olduğunu bildirərək, qarşılıqlı fayda və balanslı əməkdaşlıq çağırışı etmişdi. Ursula von der Leyen isə ABŞ ilə Aİ-nin dünyanın iki ən böyük iqtisadi gücü olduğunu vurğulayaraq, bu razılaşmanın tarixi dönüş nöqtəsi ola biləcəyini qeyd etmişdi.

Nəticədə əldə olunan razılaşma bir neçə mühüm maddəni əhatə edir. Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji idxal edəcək, əlavə olaraq ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə yatıracaq. Bu, indiyə qədər tək bir razılaşma çərçivəsində əldə olunan ən böyük investisiya göstəricilərindən biri hesab olunur.

Əlavə olaraq, Aİ ölkələrinin bazarları ABŞ məhsulları üçün tamamilə açılacaq və bu ticarət sıfır tariflə həyata keçiriləcək. Trampın dediyinə görə, avtomobillər və digər sənaye məhsulları üçün vahid 15 faiz tarif müəyyən edilib. Bu isə, son illərdə tərəflər arasında gərginlik yaratmış tarif mübahisələrinin aradan qaldırılmasına imkan verə bilər.

Donald Tramp bu razılaşmanı “bütün dövrlərin ən böyük müqaviləsi” adlandırıb və qeyd edib ki, bu addım yalnız iqtisadi deyil, həm də qlobal diplomatik münasibətlər baxımından yeni dövrün başlanğıcıdır. Ursula von der Leyen isə sazişi "böyük, sabitlik gətirən və uzunmüddətli fayda vəd edən" bir razılaşma kimi dəyərləndirib.

O bildirib ki, razılaşma 450 milyon avropalı istehlakçının və amerikalı bizneslərin rifahına xidmət edəcək. Onun sözlərinə görə, hər iki tərəf bu danışıqlarda ciddi siyasi iradə və praqmatik mövqe nümayiş etdirərək qarşılıqlı kompromislər əldə edə bilib.

Görüş, Vaşinqtonun Aİ-yə qarşı sərt tariflər tətbiq etməklə bağlı verdiyi son tarixdən cəmi bir neçə gün öncə baş tutdu. Bu da göstərir ki, hər iki tərəf gərginliyi azaltmaq və yeni əməkdaşlıq modelini formalaşdırmaq üçün iradə nümayiş etdirib.

Razılaşma, ABŞ ilə Aİ arasında son illər yaşanan ticarət və siyasi gərginliyin yumşaldılması üçün vacib diplomatik nailiyyət sayılır. Həm Tramp, həm də von der Leyen tərəfindən vurğulanan əsas fikir ondan ibarətdir ki, bu əməkdaşlıq yalnız iqtisadi fayda deyil, həm də transatlantik tərəfdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Seçilən
25
1
azadmedia.az

2Mənbələr