Yay aylarının gəlməsi hər nə qədər sevindirici olsa da, artan temperatur insan sağlamlığı və gündəlik həyat keyfiyyəti baxımından bəzi çətinliklər yarada bilər.
Pravda.az bildirir ki, bu dövrdə geyim və qidalanma vərdişlərinə diqqət yetirmək, günəşin zərərli təsirlərindən qorunmaq kimi vacib məqamlara xüsusi önəm vermək lazımdır.
İsti yay aylarında həyat keyfiyyətinizi qorumağa və artırmağa kömək edəcək 7 əsas tövsiyəni təqdim edirik:
Açıq rəngli və geniş kəsimli geyimlər seçin
Açıq rəngli geyimlər günəş şüalarını əks etdirdiyindən sizi daha sərin saxlayır. Tünd rəngli və dar kəsimli geyimlər isə bədən istiliyini artıraraq daha çox tərləməyə səbəb ola bilər. Bu səbəbdən yay aylarında pambıq və ya kətan kimi nəfəs alan, nazik materiallardan hazırlanan, bol və yüngül geyimlərə üstünlük vermək həm rahatlığınızı, həm də şıklığınızı qoruyacaq.
Günəşin zərərli təsirlərindən qorunun
Ultrabənövşəyi (UV) şüalar həm dəri, həm də göz sağlamlığı üçün risklidir. Xüsusilə günorta saatlarında çölə çıxarkən geniş kənarlı papaq geyinmək, UV filtrləri olan gün eynəklərindən istifadə etmək və dəri tipinizə uyğun yüksək SPF dəyərinə malik günəş kremləri tətbiq etmək günəşin zərərli təsirlərindən qorunmağınıza kömək edəcək.
Kifayət qədər su içməyə diqqət edin
Yüksək temperatur orqanizmdə maye itkisini artıraraq susuzlaşmaya (dehidrasiya) səbəb ola bilər. Gün ərzində bədəninizin ehtiyac duyduğu qədər su içmək təkcə susuzluğu qarşılamır, eyni zamanda bədən istiliyini tənzimləməyə, dərinizin sağlamlığını qorumağa, toksinlərin bədəndən atılmasına və enerji səviyyənizin yüksəlməsinə dəstək olur.
Yüngül və sağlam qidalarla qidalanın
Yay aylarında yağlı və şəkərli qidalar qəbul etmək baş ağrısı, yorğunluq və təzyiq problemlərinə yol aça bilər. Əvəzinə vitamin və mineral baxımından zəngin meyvə və tərəvəzlər, az yağlı yeməklər seçilməlidir. Salat və qəlyənaltı kimi yüngül yeməkləri menyunuza əlavə etməklə həm həzmi asanlaşdırar, həm də çəki nəzarətini qoruyarsınız.
Mütəmadi hərəkətdə olun
Yay aylarında səhər və ya axşam saatları kimi daha sərin vaxtlarda açıq havada idman etmək tövsiyə olunur. İdman yağ yandırılmasını sürətləndirir, eyni zamanda immunitet sistemini gücləndirir. Üzmə, qaçış, gəzinti və ya velosiped sürmək kimi fəaliyyətlər sizi həm formada saxlayacaq, həm də ruh halınızı yaxşılaşdıracaq.
Özünüzə və xobbilərinizə vaxt ayırın
Yüksək hava temperaturu bəzi insanlarda narahatlıq və stress hissini artırır. Bu dövrdə ruhunuzu dincəltmək üçün musiqi dinləmək, kitab oxumaq, film izləmək, yoqa və ya meditasiya ilə məşğul olmaq kimi fəaliyyətlərə zaman ayırmaq faydalı ola bilər.
Günəşin faydalarından doğru şəkildə yararlanın
Günəşin zərərli təsirləri qədər faydalı yönlərini də unutmamaq lazımdır. Yay aylarında günəş şüalarından düzgün və nəzarətli şəkildə yararlanmaq, orqanizmin ehtiyac duyduğu D vitamininin alınmasına və immun sisteminin gücləndirilməsinə şərait yaradır. Gün ərzində 15–20 dəqiqə birbaşa günəş şüası almaq bədən üçün kifayət edir.
İsti yay günlərində bu tövsiyələrə əməl edərək həm sağlamlığınızı qoruyar, həm də həyat keyfiyyətinizi yüksəldə bilərsiniz.
Əminə Bayramova