Nərimanov Rayon Məhkəməsində soyğunçuluqda və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmədə təqsirləndirilən Ümid Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 4 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 01 dekabr 2022-ci il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsində yerləşən “Mərkəzi Park”da qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ümid Səfərov sözügedən ərazidə piyada hərəkətdə olan zərərçəkmiş Namiq Əbdülova (adı, soyadı şərtidir) arxadan yaxınlaşıb, onun əynində olan gödəkcənin sol cibində saxladığı “Redmi Note 9S” markalı mobil telefonu götürərək qaçıb.
O, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib. Ümid Səfərovun üzərindən ümumi təmiz çəkisi 0,234 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Kamal Məmmədov