AZ

Süni intellektlə hazırlanan videolar psixologiyamıza necə təsir edir?

Son dövrlərdə sosial şəbəkələrdə süni intellektlə hazırlanmış, real görünən videoların sayı sürətlə artır. Bəzən insanlar bu videolardan zövq alır, bəzən isə onları narahatlıqla qarşılayır. Vizual olaraq reallığa çox yaxın olan bu görüntülər izləyicidə həm maraq, həm də psixoloji təsir yaradır. Elə bu səbəbdən də ortaya bir sıra vacib suallar çıxır. Real olmayan, lakin inandırıcı süni videolar cəmiyyətin ümumi informasiya qəbuluna və fərdi psixoloji rifahına necə təsir edə bilər? Bu hal gələcəkdə insan düşüncəsini və qərarvermə prosesini təhrif edə bilərmi?

Yaradıcı Süni İntellekt mütəxəssisi Ümid Salay Valyuta.az-a bildirdi ki, bu kimi videolarda həqiqət və yalan arasındakı sərhəd bulanıqlaşır: “Bu tip süni videoların cəmiyyət üzərindəki təsiri ikili xarakter daşıyır. Bir tərəfdən texnologiyanın vizual potensialı təəccüb və maraq doğurur, yaradıcılığı təşviq edir, digər tərəfdən isə, bu vizualların reallıqla olan sərhədləri bulanıqlaşdırması informasiya qəbulunu çətinləşdirir, xüsusilə də gündəlik xəbər axını və sosial mediada”.

Etimadsızlıq hissi yaranır

Mütəxəssisin sözlərinə görə, fərdi psixoloji rifah baxımından insan daim gördüyü məlumatın doğru olub-olmadığını sual etməyə başlayanda bu xroniki şübhə və etimadsızlıq hissi yaradır, bu isə zamanla emosional yüklənmə, çaşqınlıq və məlumat tükənməsi ilə nəticələnə bilər: “Bəli, bu təhlükə realdır. Həqiqət və yalan arasındakı sərhəd nə qədər silinərsə, insanların qərarvermə prosesi bir o qədər manipulyasiya olunmağa açıq olur. Biz artıq “deepfake” texnologiyası ilə hazırlanmış videoların siyasətdən tutmuş, şəxsi reputasiyalara qədər necə yanlış təsəvvürlər yaratdığını görürük. Uzun müddətdə bu hal, xüsusilə də gənc nəsildə kritik düşünmə bacarığını zəiflədə, vizual məlumatlara şərtsiz inanma refleksini gücləndirə bilər.
Qərarların emosional təsirlərlə yox, faktlara əsaslanaraq verilməsi üçün media savadlılığı və süni intellekt texnologiyalarını anlamaq getdikcə daha da vacib olur”.

Süni intellektin yaratdığı bu tip kontentlərin fərdi psixoloji və ictimai məlumat təhlükəsizliyi baxımından mənfi tərəfləri nədir?

Mütəxəssis deyir ki, bu cür kontentlərin mənfi tərəflərini üç əsas aspektdə qruplaşdırmaq olar: “Birinci psixoloji təsirlərdir. İnsanların öz gördüklərinə etibar etməməyə başlaması narahatlıq, qərarsızlıq və informasiya stressi yaradır. Xüsusilə də yaşlı nəsil və texnoloji savadı zəif olan insanlar üçün bu görüntülər yönəldici və zərərli ola bilər. İkinci isə ictimai informasiya təhlükəsizliyidir. AI ilə yaradılmış saxta videolar seçkilərə, ictimai fikrə, siyasi debatlara təsir edə bilər. Bu isə kütləvi manipulyasiya və informasiya silahlanması kimi ciddi təhlükələr doğurur. Sonuncu olaraq, dezinformasiya və etibar böhranını qeyd etmək olar. Əgər insanlar təqdim olunan heç bir vizuala inanmamağa başlasa, bu etimad böhranı yaradar. Həm media, həm də elmi informasiya kanalları bundan zərər görər. Eyni zamanda, bu vəziyyətdən sui-istifadə edən qruplar üçün manipulyasiya imkanları artır”.

Valyuta.az-a mövzu ilə bağlı münasibət bildirən Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, rəqəmsal kimliyin real kimlikdən üstün tutulması fərddə şəxsiyyətin parçalanması riskini artırır: “İnsan getdikcə özünü rəqəmsal mühitdə daha nəzarətli və daha cəlbedici hiss etməyə başlayır, bu mühitdə formalaşdırdığı idealizə olunmuş rəqəmsal kimlik isə zamanla onun real şəxsiyyətinin önünə keçir. Bu vəziyyət özünü dərk etmə prosesinin zəifləməsinə, həyat tərzinin süni və sosial mediaya uyğun meyarlarla formalaşmasına səbəb olur. Nəticədə isə psixoloji narazılıq, özünə inamsızlıq və mənasızlıq hissi artır”.

Həqiqətlə yalan arasındakı sərhəd bulanıqlaşır

Psixoloqun sözlərinə görə, həqiqətlə yalan arasındakı sərhədin bulanıqlaşması insan psixikasında koqnitiv çaşqınlıq riskini artırır: “Beynin əsas funksiyalarından biri informasiyanı dəyərləndirib ona uyğun reaksiya vermək olduğu üçün, reallıq görüntüsü verən, lakin süni şəkildə yaradılmış məlumatlar bu funksiyanı zəiflədə bilər. Bu hal kritik düşünmə qabiliyyətinin azalmasına, reallıqla əlaqənin zəifləməsinə, qərarvermədə emosionallığa və nəticədə yalanın həqiqət kimi qəbul edilməsinə səbəb olur.

tənqidi təhlil refleksi zəifləyir

Psixoloqun fikrincə, rəqəmsal dünyada sürətlə yayılan vizuallar, sitatlar və fikirlər çox vaxt cəlbedici görünsə də, onların mənbəsi məlum olmur, elmi əsasları zəifdir: "Bu, fərdlərdə tənqidi təhlil refleksinin tədricən zəifləməsinə səbəb olur. Nəticədə insanlar bəyəndikləri və öz dünyagörüşünə uyğun gələn fikirləri dərhal qəbul edir, onları düşünmədən həqiqət kimi mənimsəyir və bu hal psixoloji avtonomiyanın itməsi, şəxsi düşüncə formalaşdırmaqdan yayınma ilə nəticələnir”.

Süni kontentlər təkcə fərdi deyil, həm də kütləvi psixoloji manipulyasiya vasitəsidir

Psixoloq deyir ki, süni və manipulyativ rəqəmsal kontentlərin yayılması cəmiyyətin qorxu, qəzəb və ümidsizlik səviyyəsini artırır, nəticədə təşviş pozuntuları, depressiv hallar və informasiyaya qarşı ümumi etimadsızlıq formalaşır: “Süni intellektlə emosional bağlılıq yaratmaq insani ehtiyacların yanlış istiqamətə yönləndirilməsi riskini daşıyır. Bu tip sistemlərlə söhbət insana müəyyən anlarda anlayış və qəbul hissi versə də, bu, əsl emosional qarşılıqlılıq deyil. Real münasibətlərdə qarşı tərəf emosional reaksiya verir, niyyət və şəxsiyyət daşıyır, qarşılıqlı empatiya və dəyər ötürülməsi baş verir. Halbuki süni intellekt sistemləri nə hiss edir, nə empatiya qurur, nə də verdiyi cavablara insani dəyər yükləyir”.

Real mənlik unudulur

Psixoloq qeyd etdi ki, gələcəkdə rəqəmsal aləmin təsiri altında insanların öz real mənlərini unudaraq sosial mediada formalaşdırdıqları kimliklə yaşamağa başlaması kütləvi identiklik böhranına səbəb ola bilər: “Bu isə şəxsi və ictimai rollar arasında ziddiyyət, özünü dərk etmədə çatışmazlıq və ümumi psixoloji nizamsızlıqla müşayiət oluna bilər. Canlı münasibətlərin riskli və yorucu, süni qarşılıqlı əlaqələrin isə rahat və təhlükəsiz qəbul olunması nəticəsində insanlar getdikcə yalqızlaşacaq, emosional münasibətlər pozulacaq. Bu fon üzərində tənqidi düşüncə qabiliyyətinin zəifləməsi insanları manipulyativ fikirlərə qarşı daha həssas edəcək, ideoloji və dini radikallaşmanı sürətləndirəcək. Elmi və rasional yanaşmaların arxa plana keçməsi cəmiyyətdə düşüncə səviyyəsinin ümumi zəifləməsinə gətirib çıxaracaq. Saxta kontentlərin doğurduğu gözləntilərlə reallıq arasındakı ziddiyyət isə psixoloji rifahı zəiflədərək, narazılıq hissini artıracaq və depressiv hallar daha geniş yayılacaq”.

Sərvanə Rəmixanova

Seçilən
27
valyuta.az

1Mənbələr