Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının təklif etdiyi yeni yeddiillik Aİ büdcəsini “Rusiyaya qarşı müharibə məntiqi üzərində qurulmuş sənəd” adlandıraraq, Budapeştin bu büdcəni dəstəkləməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Orban bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Orban qeyd edib ki, Avropa İttifaqının yeni büdcə layihəsi Avropa vətəndaşlarının maraqlarına uyğun deyil:
“Brüssel elitası yeddiillik büdcə layihəsi təqdim edib. Bu büdcə müharibə məntiqi üzərində qurulub. Ukraynaya milyardlar ayrılır, fermerlərə və inkişafa isə qırıntılar. Onların məqsədi Rusiyanı məğlub etmək, liberal müttəfiqləri hakimiyyətə gətirmək və nüfuz dairəsini genişləndirməkdir. Biz bu xəyalları rədd edirik. Biz onların təklifini rədd edirik. Avropalılar onları önə çıxaran bir İttifaqa layiqdir.”
Macarıstan lideri əlavə edib ki, büdcənin beşdə biri məhz Ukraynaya ayrılıb:
“Bu, Rusiya ilə döyüşən bir Avropa İttifaqının büdcəsidir. O, Ukrayna ərazisində Rusiya ilə döyüşür. Məqsəd – Rusiyanı məğlub edib, bu ölkədə hakimiyyət dəyişikliyinə zəmin yaratmaqdır.”
Orbanın sözlərinə görə, belə bir ssenari Aİ-yə liberal gündəliyə qayıtmağa və gələcəkdə Rusiyanın yeni rəhbərliyi ilə ticarət əlaqələri qurmağa imkan verəcək.
“Macarıstan hərbi büdcədə maraqlı deyil. Bizə sülhü və inkişafı dəstəkləyən büdcə lazımdır. Bu səbəbdən təklif edilən sənədi heç müzakirə də etmirik,” – deyə Orban yekunlaşdırıb.
Bizim.Media